İsmayıl Səfərəlinin filmi Rusiyanın ən böyük kinofestivalının müsabiqə bölməsində
Azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçı qızı” tammetrajlı bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalının açılışında təqdim ediləcək. Festivalın 1-8 oktyabr 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
Film Xəzər dənizinin sahilində, Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir, axı onun nəşini heç kim tapmayıb. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur...
Film “Non-stop production” kinoşirkəti (Rusiya) tərəfindən çəkilib. Ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, operator Şandor Berkeşi, quruluşçu rəssam Sergey Zaykovdur. Rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.
İsmayıl Səfərəli 1978-ci ildə Bakıda anadan olub. Rejissorluqdan əvvəl uğurlu beynəlxalq maliyyəçi karyerası qurub. 2003-cü ildə ABŞ-da Dük Universitetinin iqtisadiyyat üzrə magistri dərəcəsini alıb. 2015-ci ildə Moskva Yeni Kino Məktəbini fərqlənmə ilə bitirib.
Rejissor, ssenari müəllifi və prodüser kimi “Təkbətək” (2014), “Yuka üçün layla” (2015), “Sakitlik dənizi” (2017) qısametrajlı filmlərini çəkib. 2016-cı ildə “Gecə qabarması” ssenarisi “Kinotavr” Rusiya Açıq Kinofestivalının layihələr bazarının qalibi olub. “Balıqçı qızı” ilk dəfə “Kinotavr” festivalının layihələr pitçinqində təqdim edilərək qalib olub.
L.AZƏRİ