Rusiyanın “Musiqi və zaman” (“Музыка и время”) jurnalında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun yaradıcılığından bəhs edən məqalə dərc olunub. “Azərbaycan bəstəkarlarının əsərlərində dastan konsepsiyasının təzahürləri” adlı məqalədə Sərdar Fərəcovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında “Dəli Domrul” tamaşasına bəstələdiyi musiqinin məziyyətlərindən söz açılır.

“Kitabi-Dədə Qorqud”un ideya-bədii məzmunu bir çox ədəbiyyat və incəsənət xadimlərinin ilham mənbəyi olaraq, müasir əsərlərin yaranmasına təkan verib. Bu əsərlərdən biri də Sərdar Fərəcovun dastanın motivləri əsasında 1997-ci ildə tamaşaya qoyulmuş “Dəli Domrul” tamaşasına yazdığı musiqidir. Rejissor Hüseynağa Atakişiyevə məxsus libretto əsasında tamaşa o vaxtkı Gənclər Teatrında səhnələşdirilmişdi.

Tamaşanın musiqi tərtibatında bəstəkar sanki qədim oğuz elinin musiqisini, ozan havalarını bərpa etməyə cəhd göstərib. Bu məqsədlə S.Fərəcov aşıq musiqisinin səciyyəvi xüsusiyyətlərini özünəməxsus şəkildə təfsir edib. Nəticədə bəstəkar “Kitabi-Dədə Qorqud” eposunun məzmunu ilə səsləşən, boyların ümumi ab-havasını əks etdirən Azərbaycan teatr musiqisinin parlaq nümunəsini yaradıb.

“Ozan”, “Dua”, “Allaha şükranlıq” kimi nömrələr tamaşa boyu bir neçə dəfə səslənərək leytmotiv səciyyəsi daşıyır. Qeyd olunmuş nömrələrdən əlavə tamaşanın musiqi tərtibatında səhnə və səhnələrarası rəqslər də mühüm dramaturji rol oynayır. Uvertüranın əsasını “Oğuz rəqsi” təşkil edir. Təntənəli musiqi sədaları qədim oğuz elini bayramsayağı tərzdə təsvir edir.

Jurnalın üz qabığında Azərbaycan bəstəkarının fotosu dərc edilib.

Lalə AZƏRİ