Rəqəmsal incəsənətə həsr olunmuş layihə
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “Digitalart-lab” adlı yeni layihəyə start verir.
Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan digital (rəqəmsal) incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılığında bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.
Dünyada və Azərbaycanda dördüncü sənaye inqilabı dövründə gedən sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi, incəsənət sahəsində də aktuallaşıb.
Layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların rəqəmsal yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır. Layihənin Mədəniyyət Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
“Digitalart-lab” layihəsinin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək. Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara Azərbaycanı bu sahədə böyük layihələrdə təmsil edən rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaq. Növbəti mərhələdə sənət mübadiləsinin və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur. Sizləri yaradıcı potensialınızı bizimlə kəşf etməyə dəvət edirik!
Layihədə iştirak etmək istəyənlər portfoliolarını “Digitalart-lab” başlığı ilə qalereyanın elektron ünvanına (resmqalereya@gmail.com) göndərə bilərlər.
Portfoliolar sentyabrın 30-dək qəbul olunur. Seçilmiş namizədlərin adları oktyabr ayının əvvəlində elan olunacaq.