Xəbər verildiyi kimi, karantin rejiminin nisbətən yumşalmasından sonra sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinə də başlanılıb. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən aldığımız məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı qərarlarında konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə bu sahədə işlər dayandırılmışdı. Müvafiq yumşalma tədbirləri ilə bərabər artıq studiyaların kino çəkilişləri bərpa olunur.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Məmmədov bizimlə söhbətində qeyd etdi ki, hazırda heç bir filmi istehsalata buraxmayıb. Amma “Mozalan” və “Salnamə” studiyalarında istehsalata buraxılan və gələn həftədən çəkilişlərinə start veriləcək filmlər var. “Salnamə” studiyası “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən yeni filmlərin çəkilişinə başlayacaq.

“Salnamə” studiyasından bildirdilər ki, Milli Qəhrəmanlardan bəhs edən filmlərin çəkilişlərinə sentyabrın 7-dən sonra başlanılacaq. Rejissor Elnaz Əbluc Milli Qəhrəman Cəlil Səfərova həsr edilən filmi Sumqayıt və Bakı şəhərlərində lentə alacaq.  Kəmalə Musazadənin lentə alacağı film Milli Qəhrəman Rafiq Alıcanov haqqındadır. Film Ağstafa, Qazax və Füzuli rayonlarında çəkiləcək. Kamran Qasımovun Milli Qəhrəman Çingiz Qurbanovdan bəhs edəcək filmi isə Bakı və Qusarda lentə alınacaq. Namiq Ağayev Milli Qəhrəman Maşallah Abdullayev haqqında sənədli filmi  Goranboy rayonunda, rejissorlar Elşən Zeynallı (Milli Qəhrəman Fərhad Hümbətova həsr olunan film) və Yavər Rzayev  (Milli Qəhrəman Hikmət Muradov haqqında film) isə çəkilişləri Bakıda aparacaqlar.

“Salnamə” studiyasının qısametrajlı, sənədli–silsilə filmlər seriyasından olan ekran əsərlərinin istehsalı ilə bağlı bu il üçün 10 film nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq filmlərin çəkilişləri təxirə salındığı üçün hələ ki 7 filmin istehsalı davam etdiriləcək. İlin sonuna kimi şərait və imkan olarsa, daha 3 filmin çəkilişi də reallaşa bilər. Çəkilişlər sanitar-epidemioloji tələblərə əməl olunmaqla lentə alınacaq. Kütləvi çəkilişlərə yol verilməyəcək və bütün qaydalara nəzarət olunacaq. Filmlərin bəzilərinin Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunduğu siyahıya daxil edilməsi və sonradan bu ərazilərdə karantin rejiminin yumşaldılması kimi məsələlər nəzərə alınaraq çəkilişlər zamanı qaydalar ciddi nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, bu günə kimi Milli Qəhrəmanlar haqqında “Salnamə” və “Yaddaş” studiyalarında dövlət sifarişi ilə çoxsaylı filmlər çəkilib.

Filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar, döyüşçü dostları və yaxınlarının fikirləri yer alıb.

 

“Olimpiya” adlı bədii film lentə alınır...

 

“Mozalan” studiyası ilə əlaqə saxladığımız zaman isə tammetrajlı filmin istehsalı ilə bağlı xəbər bizi sevindirməyə bilməzdi. Studiyanın rəhbəri,  rejissor Əli-Səttar Quliyev bildirdi ki, hazırda çəkiliş qrupu ilə birlikdə Azərbaycanın səfalı güşələrindən biri olan Balakən-Zaqatala zonasındadır. Orada “Olimpiya” adlı bədii filmin çəkilişləri gedir. Mədəniyyət Nazirliyin sifarişi ilə “Mozalan” studiyası tərəfindən çəkilən filmə Əli- Səttar Quliyev quruluş verir.

Rejissor bildirdi ki, ötən il “Mozalan” studiyasının istehsalı olan  “Əlvida, Şmidt!” filmi ekranlara çıxandan sonra ssenari müəllifi Rüstəm  Babazadə ilə yeni bir filmin ideyasını verdik. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən, melodram janrında olan ekran əsərinin çəkilişləri avqustda başlanıb və bir ay müddətində davam edəcək. Azərbaycanın şimal bölgəsində  və paytaxt Bakıda lentə alınacaq filmdə maraqlı obrazlar və tanınmış aktyorlar rol alıb. Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu  rəssamı Arif Niftiyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Tərlan Babayevdir.

L.AZƏRİ