Karantinin doğurduğu ruh yorğunluğundan sonra vaxt tapıb bu məkanlara baş çəkməyə dəyər

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 avqust 2020-ci il tarixli qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, mart ayında pandemiya ilə bağlı bütün ölkə üzrə karantin rejiminin tətbiq edilməsindən bu yana muzeylər və sərgi zalları təxminən bir ay (18 maydan 20 iyunadək) ziyarət üçün açılmışdı. Lakin bundan sonra, COVİD-19-a gündəlik yoluxma sayının kəskin surətdə atması nəzərə alınaraq, yenidən karantin rejimi sərtləşdirildi, o cümlədən bu məkanların fəaliyyəti də dayandırıldı.

Beləliklə, karantin rejimində müvafiq yumşalmalarla bərabər, muzey və qalereyalar sentyabr ayından yenidən ziyarətçiləri qəbul edir.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb. Muzeylərin girişində ziyarətçilərin hərarəti ölçülür, onlara maska, əlcək, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin, muzey daxilində sosial məsafənin qorunması barədə xəbərdaredici lövhələr asılıb. Gün ərzində müvafiq qrafik üzrə muzeylərdə təmizlik-dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, karantin dövründən sonra muzeylərdə sanitar-gigiyenik qaydaların həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İstiqlal Muzeyi (hər üçü Muzey Mərkəzində yerləşir), Üzeyir Hacıbəylinin, Səməd Vurğunun ev-muzeyləri və digər muzeylərə baxış keçirilib, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin hələ də davam etməsi (o cümlədən şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi) nəzərə alınaraq muzeylər sentyabr ayında ziyarətçiləri həftənin çərşənbə axşamı-cümə günləri (bazar ertəsi muzeylərdə qeyri-iş günüdür) qəbul edir.

Biz də bu arada bir neçə muzeyi ziyarət etdik, bəziləri ilə əlaqə saxlayıb karantindən sonra yeni şərtlər altında onların fəaliyyəti ilə maraqlandıq.

İlk olaraq Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyinə üz tutduq. Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli qeyd etdi ki, sentyabrın 1-dən etibarən ziyarətçi qəbulu başlayıb. İlk gündə muzeyi onlarla insan ziyarət edib.

Müsahibim bildirdi ki, muzeydə sanitar-gigiyena qaydalarına riayət edilir, girişdə ziyarətçilərin hərarəti ölçülür, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin, muzey daxilində sosial məsafənin qorunması üçün döşəmədə xüsusi işarələr qoyulub, zallarda COVİD-19 barədə xəbərdaredici lövhələr asılıb.

Azərbaycan Milli Xalça Muzeyi sentyabrın 2-dən fəaliyyətini bərpa edib. Muzey həftə içi çərşənbə axşamı–cümə günləri saat 10:00-dan 19:00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey bağlı olacaq.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün ev-muzeyi də fəaliyyətlərini bərpa ediblər. Bu məkanlarda da ziyarətçilərin sanitar-gigiyenik qaydalara (eyni zamanda ziyarətçi qrupunun 10 nəfərdən artıq olması, sosial məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə və s.) əməl olunmaqla ekspozisiyalarla tanışlığa şərait yaradılıb.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də olduq. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova vurğuladı ki, pandemiya dövründə muzey virtual olaraq ziyarətçilərə xidmət göstərib. Bu ay ərzində sanitar-epidemioloji qaydalara riayət etməklə 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı muzeydə bir sıra təqdimatlar olacaq.

Sonuncu üz tutduğumuz ünvan Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Digər muzeylərdə olduğu kimi, burada da qonaqlar sanitar-gigiyenik qaydalara əməl etməklə mədəniyyət ocağını ziyarət edirlər.

Muzeyin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova söylədi ki, mədəniyyət ocağı sentyabrın 1-dən fəaliyyətini bərpa edib. Ayın 2-dən isə muzey öz qapılarını ziyarətçilərin üzünə açıb. Müsahibim bildirdi ki, yaxın müddətdə muzey bir sıra yeni layihələrlə ziyarətçilərə xidmət edəcək. Oktyabr ayında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı “İkinci Dünya müharibəsinin azərbaycanlı gəncləri” adı altında sərgi keçiriləcək. Həmçinin yaxın müddətdə Azərbaycan və Qazaxıstan rəssamlarının virtual sərgisi təşkil olunacaq.

Aylarla davam edən karantin rejiminin doğurduğu emosional, ruh yorğunluğunu da nəzərə alsaq, bu sakit payız günlərində vaxt tapıb muzeylərimizi ziyarət etməyə dəyər. Odur ki, asudə zamanlarını yaddaqalan keçirmək istəyənləri tarixi-mədəni irsimizin ekspozisiya zalları gözləyir.

Məlumat üçün onu da qeyd edək ki, muzeylərə virtual səyahət etmək imkanı yaradan museum.az saytı da öz fəaliyyətini davam etdirir.

Nurəddin MƏMMƏDLİ