Son vaxtlar dünyada məşhur olan həbsxanalarda “istirahət” etmək geniş yayılıb

Ümumdünya Turizm və Səyahət Şurası bu qənaətə gəlib ki, turizm şirkətləri qlobal istiləşmənin yaratdığı fəsadlardan öz gəlirlərini artırmaq üçün bacarıqla istifadə etməyə başlayıblar. Məsələ burasındadır ki, çox böyük sayda turist yer üzündən silinməkdə olan təbiət lövhələrini, nadir heyvan və bitki növlərini görmək istəyir.

İlk vaxtlar ekoloji turizmlə məşğul olan şirkətlərin əsas məqsədi bu gözəllikləri turistlərə göstərib, sonradan onları həmin gözəlliklərin bərpasına pul ayırmağa sövq etmək idi. Lakin illər keçdikcə, şirkətlər turizmin bu növünün populyarlıq qazanaraq, külii miqdarda gəlir gətirdiyini gördülər və alicənab məqsədlər arxa plana keçdi. Hazırda dünya turizminin gəlirləri 8 trilyon dollar civarındadır. Bu zaman ekoturizmin gəlirlərinin artım sürəti bütövlükdə bu sektordakı artım sürətini üç dəfə qabaqlayır. Gəlirlər artsa da, diqqətin nadir və tükənməkdə olan bitki, heyvan növlərinə cəmlənməsi insanlarda onların əldə edilməsi həvəsini da qat-qat artırır ki, bu da son nəticədə onların tükənməsi prosesini sürətləndirir.


Turizm şirkətləri insan övladının marağını cəlb edə biləcək bütün vasitələrdən istfadə etməyə çalışırlar. Qeyri-adi turizm növlərindən biri kimi son vaxtlar dünyada məşhur olan həbsxanalarda “istirahət” etmək geniş yayılıb. Hesablamalara görə, bir neçə gününü könüllü olaraq keçmiş KQB-nin zirzəmilərində, Amerika və Avstraliya xüsusi xidmət orqanlarının həbsxana kameralarında keçirmək istəyənlər üçün 20 belə “kurort” zonası var. Əlbəttə, çoxları məzuniyyətini belə yerlərdə keçirməyi heç yatanda yuxularına da gətirmirlər. Lakin bundan həzz alanlar da var və bir çox hallarda keçmiş həbsxanaların qarşısında onların uzun növbələri də yaranır.
Sloveniya, Latviya və Avstraliyanın xüsusi xidmət orqanlarının “podvallarında” turistlərlə məhbuslardan heç də yaxşı davranmırlar. Bu sınaqdan keçmək istəyənlər alçaldılmaq, emosional gərginlik, təhdid paylarını artıqlaması ilə alır, kürəklərində tüfəng lüləsinin soyuğunu belə hiss edirlər. Bu cür “xidmət”dən yalnız ABŞ-ın Boston şəhərindəki həbsxanada imtina edilib, amerikalılar onu dördulduzlu hotelə çevirərək adını simvolik olaraq “Liberty” (“Azadlıq”) qoyublar.


Avropalı turistləri isə siqaret çəkilməsinə icazə verilən yerlər daha çox cəlb etməyə başlayıb. Belə ki, Avropanın əksər ölkələrində ictimai yerlərdə, bir çoxunda isə hətta qapalı yerlərdə də siqaret çəkmək qadağan olunub. Bir sıra ölkələr bu vəziyyətdən bacarıqla istifadə edirlər. “Siqaret turizmi” yenicə yaranmasına baxmayaraq, sürətlə inkişaf etməkdədir. Belə ki, Belçikada xüsusi siqar klubları ilə yanaşı, kafe və barlarda da siqaret çəkilməsinə icazə verilir. Bu, qonşu ölkələrin siqaret həvəskarlarının istirahət üçün Belçikaya üstünlük vermələrinə gətirib çıxarıb. Almaniyalı biznesmen Aleksander Şoppmann isə siqaret çəkilməsinə icazə verilən xüsusi aviaşirkət açmağı planlaşdırır, bir yapon şirkəti Avropaya yalnız tütün aludəçiləri üçün hazırlanmış turlar təklif edir. Estoniya isə bu tipli turistlər üçün dəbdəbəli salonların sayını artırır.


Dünya turizminin ən qeyri-adi və tənqidə məruz qalan növlərindən biri də “səfalətxana” turizmidir. Getdikcə daha çox sayda insan təmiz çimərlik və muzeyləri Rio-de-Janeyronun, Yohanesburqun və Meksikanın yoxsul məhəllələrinə dəyişir. Mütəxəssislərin fikrincə, ilk dəfə belə turlar 16 il əvvəl Braziliyada təşkil olunmağa başlanılıb. Daha sonra bu, gəlirli biznesə çevrilərək Amerikadan Asiyaya - Hindistana qədər yayılıb. Düzdür, Meksika və digər ölkələrdə turizmin bu növündən yoxsullara yardım kampaniyalarının təşkili üçün bacarıqla istifadə olunur. Lakin buna baxmayaraq, belə turizmlə məşğul olanlar bütün dünyada ciddi tənqid obyekti olaraq qalmaqda davam edirlər.