297 milyon nəfər isə bu sahədə işlə təmin ediləcək

Turizm müasir dövrdə iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib. Bu səbəbdən də dünya ölkələrinin əksəriyyəti büdcəsini bu sahədən gələn gəlirlər hesabına formalaşdırır. Dünya Səyahət və Turizm Şurasının proqnozlarına əsasən, yaxın on il üçün gözləntilər müsbət xarakterlidir. 2008-ci ildə dünya turizm sektorunda gəlirlərin artım sürətinin zəifləyəcəyini bəyan edən şuranın qənaətinə görə,  buna baxmayaraq, gəlirlərin məbləği 8 trilyon dollardan (5 trilyon avro) az olmayacaq. Yaxın 5 ildə isə beynəlxalq turistlərin sayı zəif də olsa, artacaq.


Perspektivlərlə bağlı şuranın qənaəti belədir ki, 2009-2018-ci illər aralığında dünya turizm sənayesinin illik gəliri 15 trilyon dollar və ya 9 trilyon avroya çatacaq. Builki artım 3 faiz civarında olmaqla, ötən ildəkindən (3,9 faiz) geri qalıb. Sektorun inkişaf dinamikasında zəifləmədən xəbər verən bu proses isə qlobal iqtisadi böhran və bahalaşmadan irəli gəlib. Lakin 2009-cu ildən proses yenidən yüksəlişlə əvəz olunaraq, 2018-ci ilədək illik 4,4 faiz sabit artım qeydə alınacaq. Bu dinamika 297 milyon nəfəri işlə təmin etməklə yanaşı, dünya ÜDM-in 10,5 faizinin turizm hesabına formalaşmasına səbəb olacaq.


Şuranın prezidenti Jan Klod Bayartenin məlumatına görə, yeni formalaşan bazarlar, inkişaf edən iqtisadiyyatlar hesabına turizm sənayesinin perspektivləri ümidvericidir. Belə ki, ortamüddətli dövrdə inkişaf etməkdə olan ölkələrdə turizm daha yüksək sürətlə artacaq, nəinki artıq inkişaf etmiş ölkələrdə. Ötən illərin göstəricilərinin analizi göstərir ki, Afrika, Asiya və Şərq zonalarında turizmin inkişaf dinamikası ənənəvi zonalardakı 2,3 faizə nisbətən daha yüksək olub - müvafiq olaraq 5,9 faiz, 5,7 faiz və 5,2 faiz. Son illərdə Çin və Hindistanın turistləri cəlb etmək üçün həyata keçirdikləri tədbirlər turizmin sürətli artımına gətirməkdədir.


ÜTT-nin hesablamalarına görə, 2007-ci ildə Avropada 2006-cı ildən 4 faiz artıq - 480 milyon turist səfəri baş verib. Asiya-Sakit okean regionunda bu rəqəmlər 185 milyon və 10 faiz, Amerikada 142 milyon və 5 faiz, Yaxın Şərqdə isə 46 milyon və 13 faiz olub. Yaxın Şərqdə turizm axınına görə liderlik Səudiyyə Ərəbistanı və Misirdə, Asiya-Sakit okean regionunda isə Malayziya, Çin və Yaponiyada olub. Avropada isə daha çox artım Türkiyədə (18 faiz), Yunanıstanda (12 faiz), Portuqaliyada (10 faiz), İtaliyada (7 faiz) və İsveçrədə (7 faiz) qeydə alınıb. Ötən il Amerika 2006-cı ildəki 2 faizlik artımı ikiqat yüksəltməyə nail olub. Avropa dövlətləri arasında turist axınına görə ən aşağı yerləri Litva və Rumıniya tuturlar. Keçən il bu ölkələrdə turist aktivliyi (yerli və xarici vətəndaşların mehmanxanada keçirdikləri sutkaların ölkə əhalisinin adambaşına düşən sayı) Avropada ən aşağı olub - 0,9 sutka. Avropa Birliyi üzrə orta aktivlik 4,7 sutka təşkil edib. Ən yüksək aktivlik Yunan Kiprində (18,8), Maltada (18,3) və Avstriyada (11,9 sutka) müşahidə olunub.