Bu il doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar
2020-ci ilin yeddi ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
Ədliyyə Nazirliyinin saytında yer alan məlumata görə, yanvar-iyul aylarında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad yeddi ayda 1147 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1089), Əli (1066), Hüseyn (1016), Məhəmməd (713), Ömər (667), Murad (666), Raul (563), Ayxan (517) və Tunar (480) tutur.
İlin yeddi ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1163). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (889), Məryəm (829), Aylin (787), Mələk (778), Fatimə (746), Nuray (706), Nilay (647), İnci (586) və Dənizdir (532).
Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif (12 min 451 uşaq) və Zəhra (11 min 930 uşaq) adları verilib.
Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı https://exidmet.justice.gov.az:8284) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.
Yeri gəlmişkən, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 28 min 786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 95 min 894 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.