Sentyabrın 12-də Berlin şəhərinin “Kulturstall auf dem Qutshof” zalında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçiriləcək.
Musiqiçi Lüdviq van Bethovenin “Appassionata” 23-cü fortepiano sonatasını, Robert Şumanın “Karnaval”, həmçinin Frederik Şopenin üç əsərini: “Noktürn”, “Ballad” və “Andante Spianato et Grande Polonaise Brillante” kompozisiyasını ifa edəcək.
Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Hazırda Almaniyada – Hannover Musiqi, Media və Teatr Universitetində təhsilini davam etdirir. 2007-ci ildə Azərbaycan Prezidentinin gənc istedadlar üçün xüsusi təqaüdünə layiq görülüb. Musiqisevərlər onu Paris, Vaşinqton, Florensiya, Moskva, Brüssel, Strasburq, London konsertlərində heyranlıqla alqışlayıblar.
Milli və beynəlxalq müsabiqələrdə mükafatlar qazanan gənc pianoçu yaradıcı şöhrətin zirvəsinə doğru inamla irəliləyir.