Özbəkistanın alim və ziyalıları ilə birgə onlayn konfransda müzakirə olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə sentyabrın 5-də “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, məskunlaşdırma siyasəti, məhv edilən maddi mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Konfrans Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin iştirakı və dəstəyi ilə təşkil olunub.
Tədbirdə giriş sözü söyləyən AMM-in direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işi ilə bağlı aparılan təbliğat işləri, layihələr, mediada bu mövzunun işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb.
AMM-in Özbəkistanda yerli media ilə sıx əməkdaşlıq qurduğunu deyən S.Abbasov müxtəlif informasiya vasitələrində hər il orta hesabla ölkəmizə dair 300-dən artıq məqalənin yayımlandığını bildirib. O, AMM tərəfindən Özbəkistanda həyata keçirilən “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyidir” adlı layihə haqqında da danışaraq, Ermənistanın milli mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasına dünya birliyinin etirazının vacib olduğunu qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanın Azərbaycanla qardaş ölkə olduğunu vurğulayıb. O, erməni işğalının ağır fəsadları və bu haqda dünya xalqlarının məlumatlandırılması barədə söhbət açaraq, Qarabağ həqiqətlərinin yayılması istiqamətində aparılan işlərdən bəhs edib. Millət vəkili iyul ayında Ermənistan hərbi qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək ifadə olunduğunu bildirib, aparılan təbliğat işlərinin uğurlu nəticə verdiyini qeyd edib. O, AMM-in Özbəkistanda yerli mətbuatla, ölkənin tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə sıx əlaqələrini yüksək qiymətləndirib.
Deputat çıxışında onu da diqqətə çatdırıb ki, Azərbaycanda yeni tədris ilində Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq türk tarixi” fənninin tədrisinə başlanacaq.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Azərbaycanın Özbəkistana dost, müttəfiq ölkə olduğunu bildirib. O, 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq Azərbaycan xalqının Qarabağda zəngin tarixi-mədəni irs yaratdığını, dünyanın müxtəlif muzeylərində bunu təsdiq edən çoxsaylı eksponatların olduğunu qeyd edib.
Milli Məclisin deputatı Soltan Məmmədov müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin xalqımızın haqq işinin dünyaya çatdırılmasında mühüm bir platforma olduğunu söyləyib. O, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması ilə əlaqədar xeyli layihələr həyata keçirdiyini qeyd edərək, bu işlərin Fondun prezidenti, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu bildirib.
Fondun bu mövzuda dünyanın aparıcı dillərində nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusunu, “Qarabağ xanəndələri” albomu və digər layihələri qeyd edən millət vəkili xarici ölkələrdə səfirliklər, mədəniyyət mərkəzləri, diaspor təşkilatları ilə aparılan işlərdən danışıb. Deputat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verib.
Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxışlarında Azərbaycan-Özbəkistan əməkdaşlığı, təhsil, diaspor, iqtisadiyyat sahəsində münasibətlər haqqında danışaraq gələcəkdə bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə dair təkliflərini veriblər.
Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Məcid, özbəkistanlı alimlər Kərim Bahriyev, Gülbahar Aşurova, Gülnaz Sattarova Azərbaycan-Özbəkistan arasında tarixi dostluq münasibətləri, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək haqqında danışıblar. AMM-nin layihəsi ilə Özbəkistanın 3 aliminin Qarabağ münaqişəsi mövzusunda Azərbaycanda elmi araşdırmalarda iştirak etdikləri və bu mövzuda indiyədək özbək və rus dillərində 9 adda kitabın çap olunduğu, minlərlə məqalənin yayımlandığı bildirilib.
Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, tərcüməçi Kərim Bahriyev Ermənistanın işğalı nəticəsində Azərbaycanın nəinki humanitar fəlakət, hətta ekoloji fəlakətlə üz-üzə qaldığını qeyd edib. O, Ermənistanın bu gün də dünyanın müxtəlif ölkələrindən ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz şəkildə məskunlaşdırılmasının yolverilməz olduğunu söyləyib.
Sonda Qənirə Paşayevanın “İtı̇rdı̇yı̇m xoşbəxtlı̇k” (“Qarabağ hekayələri” silsiləsindən) kitabının təqdimatı keçirilib. Qeyd edək ki, kitabda yer alan hekayələri özbək dilinə istedadlı gənc şair-tərcüməçi Şahistə Artıkova (Kamranlı) çevirib.