Xəbər verildiyi kimi, “Mozalan“ studiyası Zaqatala və Balakən rayonlarında “Olimpiya” adlı yeni bədii filmin çəkilişlərini aparır. Studiyanın yaradıcı qrupu pandemiya səbəbindən bir neçə ay davam edən fasilədən sonra, mövcud karantin rejiminin qaydalarına əməl etməklə, böyük həvəslə fəaliyyətə başlayıb.
“Mozalan”çılar yeni film ərsəyə gətirmək üçün Azərbaycanın səfalı, dilbər, eyni zamanda qonaqpərvər guşələrini seçiblər. Studiyanın rəhbəri, gənc kinorejissor Əli-Səttar Quliyev ilə Zaqatala şəhərindəki “Qafqaz” hotelində görüşdük. Gənc rejissor 2015-ci ildə bu studiyaya direktor təyin olunandan öncə “Mozalan”da satirik kinojurnallarının çəkilişində iştirak edib. Söhbət zamanı əvvəlcə “Mozalan” studiyasın fəaliyyətindən danışdı:
– Məlum olduğu kimi, “Mozalan” studiyası 1970-ci ildə yaradılıb. Bu illər ərzində “Mozalan”da ərsəyə gələn satirik kinojurnallar, o cümlədən qısa filmlər tamaşaçıların böyük rəğbətini qazanmışdı. Hazırkı kollektivimizlə 196, 197, 198 saylı satirik kinojurnallardan sonra beynəlxalq festivala təqdim etmək üçün almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr edilmiş “Əlvida, Şmidt” adlı bədii film çəkmək qərarına gəldik. Çəkdiyimiz zəhmət öz bəhrəsini verdi. Filmi 2019-cu ilin əvvəllərində yekunlaşdırdıq və aprel ayında Nizami Kino Mərkəzində təqdimat mərasimi oldu. Film tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılandı. Kino mütəxəssislərinin rəylərinə əsasən, “Əlvida, Şmidt” Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Beynəlxalq festivala təqdim olundu və mükafat qazandı. Film müxtəlif televiziya kanallarında da nümayiş olunub.
– Və beləcə, ikinci bədii filmi çəkməyə qərar verdiniz. Filmin janrı nədir və nədən bəhs olunur?
– Əlbəttə ki, filmi çəkmək, ərsəyə gətirmək, onu tamaşaçıya bəyəndirmək asan məsələ deyil. Söz yox ki, bunun üçün birinci büdcə lazımdır və təsdiq olunmuş ssenari olmalıdır. Rəhbərlik etdiyim studiyanın yaradıcı qrupla, təcrübəli ssenarist Rüstəm Babazadənin iştirakı ilə filmin ssenarisini hazırladıq. Üzərində dəfələrlə işlədik, layihə şəklində Mədəniyyət Nazirliyinə təqdim etdik. Nə yaxşı ki, işimiz bəyənildi, müsbət rəy aldıq və filmin çəkilməsi üçün icazə verildi. Dövlət tərəfindən pul ayrıldı və çəkiliş qrupunu formalaşdırdıq, təcrübəli aktyorları dəvət etdik. Çəkilişləri Zaqatala və Balakən rayonlarında aparmağı qərara aldıq. Film melodram janrındadır. Ssenariyə görə, 1980-ci ildə Olimpiya yarışlarının qalibi olmuş, hazırda dağ rayonlarının birində kənd məktəbində çalışan idman müəlliminin şəxsi həyatından, idmanda qazandığı nailiyyətlərindən və müəllimlik fəaliyyətindən bəhs edir. Çəkilişlər apardığımız film barədə tam açıqlama verilməsinə məhdudiyyət var, yəni indilik bunları deyə bilərəm.
– Məlum olduğu kimi, pandemiya ilə əlaqədar ölkəmizdə də karantin rejimi tətbiq olunub. Yəqin çəkilişlərə başlamaq üçün müvafiq icazələr almaq lazım gəldi?
– Təbii ki, hər birimiz dövlətimizin vəziyyətlə əlaqədar tətbiq etdiyi qayda-qanunlara və şərtlərə əməl etməliyik. Çəkilişi başlamazdan əvvəl Bakı şəhərində olan bütün aidiyyəti təşkilatlara, çəkiliş aparılacağını nəzərdə tutduğumuz rayonların İcra Hakimiyyəti başçılarına, Polis şöbələrinə, səhiyyə və digər qurumlarına rəsmi formada icazə almaq üçün müraciət etdik. Bizə müsbət cavablar verdilər. Tam hazırlaşdıqdan sonra buraya gəldik. Yeri gəlmişkən, hər iki rayonun rəhbərliyinə, müvafiq təşkilatlara, çəkilişlər apardığımız məktəblərin direktorlarına yaradıcı qrupumuz adından xüsusi təşəkkürümüzü bildiririk. Əvvəlcə Zaqatala şəhərindəki 1 saylı orta məktəbdə, müxtəlif yerlərdə çəkilişlər apardıq, sonra çəkilişləri Balakən rayonunda, əsasəndə Katex kəndində aparmışıq. Filmin baş prodüseriTərlan Babayevdir. 3 nəfərdən ibarət rejissor qrupumuz var. Əsas rolları respublikanın xalq artistləri Hacı İsmayılov, Qurban İsmayılov, Şamil Süleymanlı, Vidadi Həsənov, əməkdar artist Rasim Cəfərovvə başqaları oynayır. Onlardan başqa gənc aktyorları da filmə dəvət etmişik. Eyni zamanda müxtəlif epizodlarda Şəki və Zaqatala rayonlarından olan aktyorlarda çəkiliblər. Filmin ərsəyə gəlməsində operator Nadir Mehdiyevin də zəhmətini xüsusilə qeyd etmək istərdim. Hər gün 12 saat gərgin işləyirdik, müəyyən fasilələrin yaranmasına bu bölgələrdə yağan leysan yağışlar səbəb oldu. Elə vaxtlar olub ki, gecələrdə çəkiliş aparmışıq.
Zaqatala və Balakən rayonlarının sakinləri çox sadə, qonaqpərvər, istiqanlıdırlar. Zaqatalaisə xüsusilə seçilən yerdir, burada müxtəlif xalqların yaşamasına baxmayaraq, hamı bir-biriilə mehribandır. Əlbəttə ki, çəkiliş apardığımız günlərdə yaşadığımız “Qafqaz” hotelinin kollektivi bizim yaradıcı qrupumuza yüksək xidmət göstərdi, hotelin hər bir işçisinə və rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.
Sonda Əli-Səttar Quliyev onu da qeyd etdi ki, hazırda çəkdikləri film studiyanın 200-cü buraxılışı və “Mozalan” satirik jurnalının 50 illik yubileyinə xüsusi töhfə olacaq.
Elman MALIYEV
Zaqatala