Azərbaycan

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

 

10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazımoğlu İsgəndərov (1901-1975)  Şamaxıda doğulub. Operavə Balet Teatrında çalışıb.

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salmanoğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

 

11 sentyabr 1913 – Kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

11 sentyabr 1996 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 9.4.1905 – 1996) vəfat edib.

 

Dünya

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583-1643) anadan olub.

9 sentyabr 1769 – Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

9 sentyabr 1828 – Böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

 

10 sentyabr 1839 – Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce; 1839-1914) anadan olub.

10 sentyabr 1872 – Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: “Dersu Uzala”, “Tayqanın ortasında” və s.

10 sentyabr 1912 – Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

 

11 sentyabr 1524 – Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.

11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865-1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad” və s.

11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.

11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno; 1903-1969) anadan olub.

11 sentyabr 1914 – Görkəmli türk maarifçisi, mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski; 8.3.1851 – 1914) vəfat edib. Türk dünyasının maariflənməsində rol oynamış “Tərcüman” qəzetinin naşiri olub.

11 sentyabr 1937 – Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon (1937-2018) anadan olub.

Hazırladı:  Vüqar ORXAN