Amerika Kino Akademiyası “Oskar” mükafatının “Ən yaxşı film” nominasiyasına iddialı olan ekran əsərlərinin müəllifləri üçün yeni standartlar qəbul edib. Yeni qaydalar irqi, etnik, cinsi azlıqlara və qadınlara qarşı olan zorakılıqla mübarizə məqsədi daşıyır.
Məlumatda qeyd olunub ki, əgər hansısa bir ekran əsəri ilin “Ən yaxşı filmi” adını almaq istəyirsə, akademiyanın irəli sürdüyü 4 meyardan ən azı ikisinə cavab verməlidir.
Amerika Kino Akademiyası, ilk növbədə, aktyor heyətinə diqqət yetirəcək. Baş və ya ikinci dərəcəli rolda oynayan aktyorlardan ən azı bir nəfər irqi və ya etnik azlıqda olanları təmsil etməlidir. Əgər buna nail olmaq mümkün deyilsə, o zaman film truppasının 30 faizini irqi, etnik, cinsi azlıqların nümayəndələri və sağlamlıq imkanı məhdud olan qadınlar təşkil etməlidir.
Qəbul edilən qaydalarda filmin yaradıcı və texniki heyəti üçün də analoji tələblər irəli sürülüb. Buraya rejissorlar, ssenaristlər, bəstəkar, qrim və geyim ustaları, redaktorlar, prodüserlər və s. daxildir.
Qeyd edək ki, 93-cü “Oskar” mükafatlandırılması mərasimi 2021-ci ilin fevralında keçiriləcək.