Son zamanlar turizm haqqında elmin təşəkkülü barədə danışmaq mümkündür. Bu elmi “turologiya”, “turoqrafiya”, “turistika”, “turizmşünaslıq” və s. kimi adlandırırlar. Qeyd edilməlidir ki, məsələ heç də adda deyil. Bu məsələ ətrafında alimlərin diskussiya açmaları faktı sübut edir ki, əvvəla, turizm haqqında elmin labüdlüyünü bütün mütəxəssislər dərk edir, ikincisi, bu elmin formalaşmasına alimlər kompleks halda yanaşırlar. Turizmin ənənəvi olaraq iqtisadi sahə kimi qəbul edilməsi ilə yanaşı, ona həmçinin sosial-mədəni fenomen, mədəniyyət və insan fəaliyyəti sahələri kimi baxmaq olar.


Təsərrüfat sahəsi kimi turizm iqtisad və idarəetmə elmlərində, həmçinin marketinqdə tədqiqat predmetidir. Sosial sahə kimi isə politologiya, hüquqşünaslıq, sosiologiya, sosial coğrafiya və digər elmlərdə nəzərdən keçirilir. Nəzərə alsaq ki, turizm əhalinin məişət mədəniyyətinin bir hissəsidir, onu məhz tam və dərindən yalnız humanitar yönümlü fənlərin köməyi ilə öyrənmək mümkündür.


Mədəniyyət və insan fəaliyyəti sahəsi kimi turizm antropologiya, kulturologiya, psixologiya və tibblə məşğul olan alimlərin diqqətini cəlb edir.  Turizm həmçinin ekologiya, tarix, regionşünaslıq elmlərinin, mədəniyyətlərarası əlaqələrin tədqiqat obyektidir. Bütün bu elmlər kompleksi turizm ixtisası üzrə gələcək mütəxəssislərin hazırlanması sisteminin əsasını təşkil edir. Bu sistemdə mühüm yerlərdən biri turizmin tarixinə məxsusdur. Hazırda turizmin tarixi fənni bu sahədə elmi tədqiqatlar üçün bünövrə yaradan fənnə çevrilib. Bu fənn turizm sahəsindəki mütəxəssislərə hava və su kimi vacibdir, çünki dünyanın bu və ya digər regionunda tarixi və milli xüsusiyyətlər nəzərə alınmaqla turizmin spesifikasını dərk etməyə imkan yaradır.


Bu nöqteyi-nəzərdən tarix elmləri namizədi, dosent Bahadur Bilalovun  “Turizmin tarixi” adlı dərs vəsaiti, fikrimizcə, vaxtında yazılmış və tələbələrin stolüstü kitabına çevriləcək bir vəsaitdir. B.Bilalov uzun illərin müəllimlik təcrübəsindən istifadə edərək sanballı bir vəsait hazırlayıb.
Turizm və səyahətlərin tarixi mədəniyyət tarixinin bir hissəsidir. Elə bir mədəniyyət yoxdur ki, onun tarixində səyahətlərin tarixi qabarıq şəkildə özünü büruzə verməsin. Bu baxımdan B.Bilalovun hazırladığı dərs vəsaiti təqdirəlayiqdir.


Dərs vəsaitində səyahətlərin inkişaf dinamikası, onların məqsədləri, vəzifələri və sosial mədəni nəticələri tədqiq edilmiş, səyahətlərin motivlərinin xüsusiyyətləri üzə çıxarılmış, müxtəlif mədəniyyətlərdə “səyahət edən insan” xarakterizə edilmişdir. Müəllif tarixin müəyyən dövrlərində turizmin coğrafiyasındakı dəyişiklikləri  şərh etməklə təşkil olunmuş turizmin obyektiv zəminini və təşəkkül səbəblərini üzə çıxarmış və onun  inkişaf meyillərini göstərmişdir.


Dərs vəsaitinin bölmələrindən biri Azərbaycan turizminin xüsusiyyətlərinə, onun tarixi və bütün inkişaf mərhələlərinin özəlliklərinə, Azərbaycan turizminin müasir vəziyyətinə həsr olunmuşdur. Müəllif  ölkəmizdə turizmin inkişafı üçün çox böyük potensialın olduğunu vurğulamaqla, onun inkişafı üçün strategiyanın hazırlanmasının labüdlüyünü, ölkə turizminin inkişafı yollarını qabartmışdır.


Dərs vəsaitində “Turizmin tarixi”nin tədris fənni kimi xüsusiyyətləri, turizmin müxtəlif dövlətlərin iqtisadiyyatındakı rolu, dünya turizminin inkişafı perspektivləri işıqlandırılıb.


Dərs vəsaiti mövcud tədris standartına müvafiq hazırlanmış, turizm istiqamətində təhsil alan ali məktəb tələbələri, magistrlər və aspirantlar üçün nəzərdə tutulub.


Hər paraqrafın sonunda təkrarlar üçün sual və tapşırıqların, həmçinin əlavə ədəbiyyatın verilməsi dərs vəsaitinin mühüm cəhətlərindən biri hesab oluna bilər.

Hafiz Hüseynov,
NDU-nun sosial idarəetmə  və turizm
kafedrasının müdiri, fəlsəfə elmləri
namizədi, dosent
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar