Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib, qurumun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavinləri Qismət Gözəlov, Sultanbek Rayev də iştirak ediblər.
Günay Əfəndiyeva qonaqları salamlayaraq Türk Şurasının nüfuzunun qlobal miqyasda gücləndirilməsini məmnunluqla qeyd edib və təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Fondun fəaliyyətindən söz açan Günay Əfəndiyeva türkdilli xalqların ortaq irsinin təbliği istiqamətində nəzərdə tutulan yeni layihələr barədə danışıb, yaxın gələcəkdə türkdilli təşkilat rəhbərlərinin Koordinasiya iclasının qurumun binasında keçirilməsini təklif edib.
Bağdad Amreyev Türk Şurasının pandemiya şəraitində keçirdiyi tədbir və görüşlərdən danışıb. O, təşkilatın nüfuzunun beynəlxalq aləmdə artırılmasında Azərbaycanın aktiv sədrliyini və vacib rol oynadığını qeyd edib. Bağdad Amreyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Türk Şurasının qurumla əlaqələrinin genişləndirilməsinə dəstək verəcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri, Türk Şurasının növbəti Zirvə görüşü, türkdilli təşkilatların rəhbərlərinin Koordinasiya iclası ilə bağlı məsələlər müzakirə edilib.
Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun binası ilə tanış olublar. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.