“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında dəyişiklik edilib. Baş Nazir Əli Əsədov 14 sentyabr 2020-ci il tarixində bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, hər üç qoruğun Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərməsi ilə bağlı əsasnamələrinə müvafiq dəyişikliklər və əlavələr edilib.

“Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əsasnaməsi” üzrə müvafiq bəndlərdə  “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilib. Əsasnamənin 1.7-ci bəndinə aşağıdakı məzmunda cümlələr əlavə edilib: “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir”.

 “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” və “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun Əsasnaməsi” üzrə də müvafiq dəyişikliklər olunub.

Baş Nazir Əli Əsədov sentyabrın 14-də, həmçinin  “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında Əsasnamə”də də dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərəcək. Bununla bağlı Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş əsasnamənin ayrı-ayrı müddəaları dəyişdirilib.