Sentyabrın sonunda dünya şöhrətli Çin kinoaktyoru, döyüş filmlərinin tanınmış siması Ceki Çanın baş rolda çəkildiyi “Avanqard” filminin premyerası keçiriləcək. Ekran əsəri hələ bu ilin yanvar ayında kinosevərlərə təqdim olunmalı idi, lakin koronavirus pandemiyası səbəbindən təxirə salındı.

66 yaşlı Ceki Çan bu filmdə də özünəməxsus cəld fiziki hərəkətləri, tryukları, fəndləri ilə diqqət çəkir. Aktyor bir çox filmlərin çəkilişində zədələr alıb, həyəcan yaradan hadisələrlə, hətta ölüm riski ilə üz-üzə qalıb. “Avanqard”ın çəkilişi də bu cür hadisələrsiz ötüşməyib. Filmin səhnələrindən birində Ceki Çanın idarə etdiyi skuter aşır və aktyor tərəf-müqabili ilə birlikdə suda boğulmaq təhlükəsi ilə üzləşir. Ceki Çan təxminən 40 saniyə suyun altında qalır.

Aktyor həmin hadisə barədə danışarkən deyib ki, əslində, bu, normal bir kadr idi, amma mən az qala boğulacaqdım. Skuter aşdı və bir anda mən suya qərq oldum. Dəqiq nə baş verdiyini xatırlamıram.

Sanki hansısa ilahi qüvvə mənə kömək etdi. Yavaşca skuteri kənara itələdim və məni çəkib sudan çıxartdılar.

Xilasedicilər Ceki Çanı sudan çıxaranda onun gözləri ilk olaraq tərəf-müqabili, aktrisa Miya Müçini axtarır. Onun da xilas olduğunu görən aktyor rahat nəfəs alır. Bu hadisə rejissor Stenli Ton və çəkiliş heyəti üçün olduqca qorxulu anlar yaşadıb.

Filmdə Ceki Çan təhlükəsizlik xidməti şirkətinin rəhbəri rolunda çəkilib. Tanınmış aktyor onilliklər ərzində qazandığı təcrübəni gənc istedadlarla bölüşməyi sevir. Gənc aktyorların Ceki Çandan öyrənə biləcəyi ən böyük dərs isə onun fədakarlığı və peşəkarlığıdır.

SƏBİNƏ