Ötən əsrin 50-60-cı illərin təyyarələri sərnişin nəqliyyatının əsas vasitələrindən birinə çevriləndə onların pəncərələri (illüminatorları) indiki kimi yuvarlaq və ya dairəvi olmayıb. O vaxtlar pəncərələr kvadrat və yaxud düzbucaqlı şəklində idi.
Başlanğıcda hər şey yaxşı idi, təyyarələr normal uçurdu. Lakin zaman keçdikcə təyyarələr daha yüksəkdən və daha sürətlə uçmağa başladı. Füzelyajın yüklənməsi artdıqca, metal daha tez köhnəlirdi. Nəticədə isə bədbəxt hadisələr üz verməyə başladı, səbəbi isə “nəfəsliyin” künclərindəki metalın köhnəlməsi idi.
Keçirilən bir sıra təcrübədən sonra məlum oldu ki, metal yaranan gərginlik səbəbindən məhz pəncərələrin künclərində daha tez köhnəlir.
Nəticədə davamlılıq üçün yuvarlaq pəncərələrin quraşdırılmasına başlandı və problem öz-özünə həll olundu. Yuvarlaq pəncərələrdə gərginlik illüminatorun bütün perimetri boyu bərabər paylanır. Ona görə də biz təyyarə uçarkən səmanın gözəlliklərini də yuvarlaq pəncərələrdən seyr edirik.