Hər il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənəti və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur. Mədəniyyət tariximizin bu əlamətdar günündə Beynəlxalq Muğam Mərkəzi (BMM) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muğam axşamları” adlı birgə layihə təqdim edəcək.

“Muğam axşamları” 18 sentyabr tarixində İçərişəhərdəki Şirvanşahlar Sarayı Kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan sarayının ərazisindən yayımlanacaq. Konsert proqramında 20-yə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-in sosial şəbəkələrdəki hesabları vasitəsilə gün ərzində saat 12:00, 15:00 və 17:00-da yayımlanacaq.

Proqramda BMM-in solistləri – əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli, Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.