Azərbaycan Turizm Bürosu Hindistanın “Virtual Travel Mart 2020” (“Virtual səyahət mağazası”) sərgisində ölkəmizin turizm potensialını virtual formatda təbliğ edib.
Sərgi Azərbaycan Turizm Bürosunun Cənubi Asiya üzrə tərəfdaşı və Hindistanın turizm təlimləri üzrə ixtisaslaşmış ilk onlayn səyahət platforması “TravelGyaan” tərəfindən təşkil olunub.
1000-dən çox əcnəbi turagent, turoperator, hotelçilik və toy turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələrinin iştirak etdiyi virtual sərgi qrup halında və təkbətək canlı görüşlər şəklində davam edib.
Azərbaycan Turizm Bürosunun təmsil olunduğu 40-dan çox onlayn görüşdə iştirakçılara ölkəmizin sağlamlıq, korporativ və digər turizm növləri üzrə imkanları barədə ətraflı məlumat verilib, hindistanlı turistlərin maraq dairəsini əhatə edən mövzularda təqdimatlar keçirilib.
Virtual tədbir çərçivəsində cari vəziyyətlə bağlı məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşlər zamanı pandemiya və postpandemiya dövründə elektron viza məsələləri, Azərbaycanın turizm sektorunda sanitariya və gigiyena normaları, hotellərdə yeni qiymət siyasəti, Hindistanla birbaşa hava uçuşları və digər mövzular ətrafında suallar cavablandırılıb.