Aylardı həyatımızın bütün sahələrinə “əl gəzdirən” COVİD-19 və onun yaratdığı pandemiya mədəniyyət sahəsinə də təsirsiz ötüşmədi, teatr-konsert müəssisələrinin qapılarını tamaşaçı üzünə bağladı. Nəhayət, pandemiyanın 6-cı ayından sonra ayrı-ayrı ölkələrdə vəziyyətdən çıxış yolu tapmaq üçün addımlar atılır.

Dünyanın bir sıra məşhur teatrları, o cümlədən qonşu Rusiyanın yaradıcı heyətləri teatrla tamaşaçının ünsiyyətini epidemioloji vəziyyətə uyğun qurmağa çalışırlar. Artıq Rusiyanın bir sıra teatrları yeni mövsümləri ilə bağlı açılış xəbərlərini paylaşır, repertuar planları, məşq proseslərini təqdim edirlər.

Elə götürək Y.S.Demmeni adına Sankt-Peterburq Marionet Teatrını. Balacalarla yanaşı  böyüklərin də sevərək getdikləri bu teatrın zalında hər real tamaşaçının sağ və solunda yumşaq oyuncaqlar “əyləşəcək”.

102-ci mövsümünü 18 sentyabrda açacaq teatrın kollektivi tamaşaçılar qarşısına Lilian Muurun “Kiçik yenot” nağılı ilə çıxacaq. Baş rejissor Eduard Qaydayın quruluş verdiyi tamaşa uşaqlara və valideynlərə ünvanlanıb.

Mövsümün ilk premyerası isə “Nevski prospektinin nağılı” tamaşası olacaq. İlin sonunadək daha iki tamaşa təqdim edəcək teatrda tamaşaçıların təhlükəsizliyi ilə bağlı da xeyli kreativ addımlar atılır. Belə ki, repertuardan çıxan tamaşaların kuklaları və digər rekvizitləri tamaşaçılarının yan oturacaqlarında yerləşdiriləcək. Beləcə, həm ara məsafəsi təmin olunacaq, həm də tamaşaçıların teatr haqqında təəssüratları bir az da zənginləşmiş olacaq.

Ümumiyyətlə, Sankt-Peterburqun teatrlarında və konsert komplekslərində yeni mövsümdə pandemiya ilə bağlı tamaşaçı sayı yarı-yarıya endirilib. Məsələn, 4000 yerlik zalda 2000-dən çox tamaşaçı yerləşə bilməz. Bundan başqa, teatrın giriş qapılarında tamaşaçıların hərarəti ölçülür və zalda yerləşdirmə hissə-hissə həyata keçirilir.

Tamaşaçılardan fərqli olaraq yaradıcı heyətlər qarşısında qoyulan tələblər daha kəskindir. Məsələn, əsasən böyük heyətli, xüsusən balet və orkestr, eləcə də xorun iştirak etdiyi tamaşaların məşqi və nümayişi hələlik təxirə salınıb.

Məşq prosesi də şəffaf maska və məsafəyə riayət etməklə reallaşdırılır.

Hər saatbaşı açıq havada yarımsaatlıq fasilələr verilir, qrim və səhnə geyimləri hər istifadədən sonra müvafiq məhlulla dezinfeksiya olunur. Bundan başqa, iri dekorasiyalı səhnələr mümkün qədər azaldılmaqla, demək olar ki, boş səhnələrdə aktyor oyunu tələbi önə çəkilib.

Rusiyanın məşhur sənət ocaqlarından olan S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrı (Moskva) da 90-cı mövsümünü sentyabrın 20-də açacaq. Yaradıcı heyət uzun sürən canlı ünsiyyət sükutunu maraqlı tamaşa ilə pozacaq. Yubiley mövsümünün açılış günü “Betlehəm yolundakı ulduz”  adlı tamaşa təqdim ediləcək.

Hər kəsə məlum hekayəni – İsanın doğuluşunu və əbədiyyət yolçuluğunu ənənəvi formadan uzaq, müasir uşaqlara  təəccüblü gələ biləcək ekzotik həll ilə təqdim edəcək yığcam tamaşa (ikinəfərlik oyun) məhz koronavirus pandemiyası zamanı, karantin qaydalarına uyğun olaraq hazırlanıb. Səhnə içində qurulacaq kiçik səhnədə kölgə oyunu vasitəsilə onlarla kukla və köməkçi səhnə elementlərinin hərəkətə gətirilməsi nəzərdə tutulur.

H.NİZAMİQIZI