Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, dirijor, dramaturq, publisist, ictimai xadim, XX əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin adı xalqımız üçün, mədəniyyətimiz üçün müqəddəsdir. Peşə və sənətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün Üzeyir Hacıbəyli yaradıcılığı yüksək zirvə, milli və klassik ənənələrin vəhdətindən yaranmış məktəb əhəmiyyəti daşıyır. Böyük bəstəkarımız Fikrət Əmirovun dediyi kimi, “...biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Bu, həqiqətən də, belədir.
Üzeyir bəy öz dühası ilə Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarını işıqlandırıb, dünya miqyasında tanınmasına rəvac verib. Onun şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği də bizim borcumuzdur. Bu baxımdan üzeyirşünaslıq sahəsində görülən işlər diqqətəlayiqdir. Azərbaycanda və onun hüdudlarından uzaqlarda Üzeyir Hacıbəyliyə həsr olunmuş konsertlərin, festivalların, layihələrin, kitab təqdimatlarının keçirilməsi, musiqili tamaşaların, filmlərin nümayişi, musiqi əsərləri ilə yanaşı, rəssamlıq, heykəltəraşlıq üzrə əsərlərin yaradılması Üzeyir bəyin xatirəsinin yaşadılmasının bariz nümunəsidir. Bunun mühüm bir qolu da müasir informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.
İnternet şəbəkəsində, müxtəlif – Azərbaycan, rus, ingilis, alman, türk və s. dillərdə davamlı olaraq Üzeyir Hacıbəyli haqqında məlumat mənbələrinin yaradılması bunu sübut edir. Bu yaxınlarda “Mədəniyyət” qəzetində (12.06.2020) oxuduğum bir məlumat diqqətimi çəkdi: “Vikipediyada Üzeyir Hacıbəyli haqqında özbək dilində bölmə yaradılıb. Bu, əlbəttə ki, bizim üçün çox əlamətdar bir haldır. Bu, onu göstərir ki, Üzeyir Hacıbəyli fenomeni hər zaman, hər yerdə diqqət çəkir və insanların maraq dairəsindədir. Deməli, dünyanın müxtəlif nöqtələrində, müxtəlif millətlərdən olan insanlar Azərbaycanın musiqi mədəniyyəti, Üzeyir bəyin yaradıcı fəaliyyəti, zəngin irsi haqqında məlumat alır, musiqisini dinləyir, tamaşaları izləyir, elmi-publisistik əsərlərini mütaliə edir, bir sözlə, Üzeyir dünyası ilə təmasda olur.
Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin yaradıcılığı “ilk”lərlə əlamətdar olmuşdur: Şərq aləmində milli muğam operasının (“Leyli və Məcnun”), musiqili komediyanın (“Arşın mal alan”) və klassik operanın (“Koroğlu”), milli musiqinin məqam nəzəriyyəsinin (“Azərbaycan xalq musiqisinin əsasları”) yaradılması, musiqi təhsilinin qurulması, not sistemi üzrə xalq çalğı alətləri orkestrinin təşkili və s. onun adı ilə bağlıdır.
Üzeyir bəyin bütün bu bədii kəşfləri keçmiş SSRİ məkanında müttəfiq respublikaların musiqi mədəniyyətinin yüksəlişinə də böyük təsir göstərmişdir. Xalq çalğı alətləri orkestrlərinin təşkili Orta Asiya respublikalarında da həyata keçirilmişdir. Əlamətdar faktlardan biri də ondan ibarətdir ki, Üzeyir Hacıbəyli 1945-ci ildə Azərbaycan SSR himninin musiqisini yaratdıqdan sonra Özbəkistan və Tacikistan rəhbərliyi tərəfindən də təşəbbüs göstərilərək, həmin respublikaların himninin yazılması üçün Üzeyir bəyə müraciət olunmuşdur. Lakin Üzeyir bəy hər bir respublikanın himninin milli bəstəkarlar tərəfindən yazılmalı olduğunu qeyd edərək, həmin ölkələrin bəstəkarlarından bu sahədə öz tövsiyələrini əsirgəməmişdir. Bütün bunlar tarixi faktlar olub, üzeyirşünaslıqda mühüm əhəmiyyət kəsb edir və yəqin ki, özbək musiqişünasları üçün də maraqlı olduğu üçün internet məlumat bazasına da daxil edilə bilər.
Bu gün musiqi həyatımızın böyük bir hissəsi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş, ölkənin musiqi həyatında böyük rolu olan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində də onun ənənələri hər zaman yaşadılır. 2018-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” fəxri medalı təsis edilmişdir. İlk medal Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri, mədəniyyətimizin dünyada tanıdılmasında böyük rolu olan Mehriban xanım Əliyevaya təqdim olunmuşdur. Təqdimatdan sonra Mehriban xanım Əliyevanın Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, “Aga Khan” Fondunun mükafatçısı, professor Firəngiz Əlizadəyə ünvanladığı məktubunda deyilir: “Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və yeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır. Bu baxımdan İttifaq tərəfindən “Üzeyir Hacıbəyli” fəxri medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.
Həqiqətən də, bu gün Bəstəkarlar İttifaqının fəaliyyətində əsas istiqamətlərdən biri Üzeyir Hacıbəyli irsinin qorunması, Azərbaycan musiqisinin dünyaya tanıdılması, beynəlxalq musiqi festivallarında iştirakla bağlıdır. Bu baxımdan Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondu ilə əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bir sıra layihə və festivallar keçirilir. Bunlardan “Üzeyir dünyası” layihəsini qeyd etmək istərdik. Bu layihə özündə Üzeyir Hacıbəyli əsərlərinin tam nəşrini – musiqi əsərlərinin notlarının partitura və klavir şəklində çapını, səsyazılarını və videoyazılarını, elmi və bədii-publisistik əsərlərinin, eləcə də bəstəkara həsr olunmuş elmi əsərlərin çapını əhatə edir. Layihənin məsul redaktoru, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası ilk dəfə partitura şəklində nəşr edilmiş, həmçinin səhnədə yeni quruluşda bərpa olunmuşdur.
Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasının bərpası musiqi mədəniyyətimiz üçün çox əlamətdar bir hadisədir. Bu operanın səhnə həyatı 1912-ci ildən başlanır. Yarandığı vaxtdan 1980-ci illərin sonuna kimi Üzeyir Hacıbəylinin ən məşhur muğam operalarından biri olmuşdur. Lakin qədim xalq dastanına əsaslanan bu operanın məzmunu – ayrı-ayrı dinlərdən olan iki gəncin məhəbbəti və onları məhv edən Qara Keşiş obrazı Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı günlərdə insanların hisslərinə təsir etdiyinə görə səhnədən qaldırılmışdı. Əslində, bədii mahiyyəti daha dərin olan bu əsər bəstəkarın tolerantlıq hisslərinin təcəssümü, xalqımıza qarşı zaman-zaman törədilən qırğınlara bir etirazı idi və bu etiraz bizim günlərdə də səngiməyərək, insanların qəlbində əks-səda doğurur. Eyni zamanda Üzeyir bəyin yaratdığı əsər Azərbaycan xalqının multikultural dəyərlərini təcəssüm etdirərək, xalqımızın milli sərvətinə çevrilmişdir.
“Əsli və Kərəm” operası 2010-cu ildə Heydər Əliyev Fondunun “Üzeyir dünyası” layihəsi çərçivəsində bərpa olunmuş, tamaşa Heydər Əliyev Fondunun keçirdiyi “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının proqramına, həmçinin Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalının proqramına daxil edilərək, tarixi məkanlarda – Bakıda Şirvanşahlar sarayında, İçərişəhərdəki “Muğam teatrı”nda nümayiş olunmuşdur.
“Əsli və Kərəm” operasının notlarının çapı isə çətin bir proses olmuşdur, çünki yarandığı 100 ilə yaxın bir zaman ərzində əsərin əlyazma şəklində olan notları köhnəlmiş, pis vəziyyətə düşmüşdü ki, bu da onun nəşri üçün böyük çətinlik yaradırdı. “Üzeyir dünyası” layihəsinin iştirakçıları, başda professor Firəngiz xanım Əlizadə olmaqla, uzun illər boyu bu operaya dirijorluq etmiş Kazım Əliverdibəyovun və Bəstəkarlar İttifaqının əməkdaşlarının böyük əməyi sayəsində operanın musiqi materialı, demək olar ki, vərəq-vərəq toplanaraq, simfonik fraqmentləri, xor epizodları, muğam parçaları Üzeyir Hacıbəylinin librettosu əsasında yenidən tərtib olunmuşdur. Bununla da Heydər Əliyev Fondu tərəfindən “Əsli və Kərəm” operasının partitura şəklində ilk nəşri həyata keçirilmiş, Üzeyir bəyin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda mühüm addım atılmışdır.
2009-cu ildən etibarən hər ilin sentyabr ayı ənənəvi olaraq Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 sentyabr – Milli Musiqi Günündən başlayaraq, ayın sonuna kimi davam edən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə yadda qalır. Ötən illərdə 11 festival keçirilmişdir. Bu festivallarda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri müxtəlif ölkələrdən dəvət olunmuş dirijorların, ifaçıların və musiqi kollektivlərinin ifasında səsləndirilir. Azərbaycan Bəstəkarlar İttifaqı da festivala öz tədbirləri ilə qatılır. Bu sırada bilavasitə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfransları, yeni nəşrlərin təqdimat mərasimlərini və kamera konsertlərini göstərmək olar. Geniş məzmuna malik olan bütün bu tədbirlər Üzeyir Hacıbəylinin yaradıcılığına dair tədqiqatların əhatə dairəsini genişləndirərək, üzeyirşünaslığa mühüm töhfə verir.
Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı muğamla bağlı konsertləri və tamaşaları, UNESCO-nun İSTM “Magam” qrupu ilə birgə Beynəlxalq elmi simpoziumu, Beynəlxalq muğam müsabiqəsini və müxtəlif tədbirləri əhatə edir (2009-cu ildən başlayaraq, 5 festival keçirilmişdir). Azərbaycan Bəstəkarlar İttifaqı festivalın təşkilatçılarından biri kimi çıxış edir. Festivalın bədii rəhbəri Firəngiz Əlizadə tərəfindən tərtib olunan konsert proqramlarında Üzeyir Hacıbəylinin əsərləri daimi yer tutur.
Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının (2010-2019-cu illər ərzində 10 festival olmuşdur) proqramında da Üzeyir bəyin irsinə xüsusi yer ayrılır. Onun opera və musiqili komediyalarının Şəki Xan sarayında, tarixi karvansara komplekslərində tamaşaya qoyulması insanları – yerli sakinləri və turistləri valeh edir. Ötən illərdə “Leyli və Məcnun” operası Yuxarı Karvansarada, “Arşın mal alan” musiqili komediyası Şəki Xan sarayında nümayiş olunmuşdur. Bu festival dünyanın bir çox ölkələrindən musiqisevərlərin diqqətini Azərbaycana çəkir, eyni zamanda mədəniyyətimizin dünyada tanıdılmasında böyük rol oynayır.
Bəstəkarlar İttifaqının həyata keçirdiyi maraqlı layihələrdən biri də xarici ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkilindən ibarətdir. Bu məqsədlə Türkiyədə, Ukraynada, Rusiyada, Vyetnamda təşkil olunan konsertlərdə Üzeyir Hacıbəylinin əsərləri mühüm yer tutmuşdur. 2019-cu ildə Berlində, Parisdə, Moskvada keçirilən konsertlər müasir Azərbaycan musiqisinin təbliği baxımından böyük önəm kəsb edir. Bu layihə çərçivəsində Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş broşürlər konsertə gələn dinləyicilərə təqdim olunur. Azərbaycan musiqişünasları tərəfindən yazılmış və ingilis dilində çap olunmuş broşürlər Üzeyir Hacıbəylinin yaradıcılığına və onun “Arşın mal alan” musiqili komediyasına, həmçinin Qara Qarayevin, Fikrət Əmirovun yaradıcılığına və müasir dövrdə Azərbaycanın musiqi həyatına həsr olunmuşdur. Bu, çox vacib cəhətdir ki, Azərbaycan musiqisi dinlənilməklə yanaşı, həm də insanlara musiqi mədəniyyətimiz haqqında təsəvvürləri genişləndirən əyani məlumat çatdırılır.
Üzeyir dünyası bizim musiqi mədəniyyətimizin tarixi, bu günü, gələcəyi deməkdir. Biz bu dünyanın meyarlarını uca tutaraq, ölkəmizin musiqi mədəniyyətinin yüksəlişi naminə çalışırıq. Üzeyir Hacıbəylinin adı gündəlik həyatımızda anılır, əməllərimizdə yaşadılır. Üzeyir dünyası vasitəsilə milli musiqimiz dünyaya tanıdılır. Üzeyir dünyası müxtəlif ölkələrin musiqiçiləri və musiqi dəyərləri arasında ünsiyyətə, qarşılıqlı əməkdaşlığa geniş meydan açır. Onun adı ilə bağlı festivallarda musiqiçilər öz repertuarlarını, təfsirlərini ifadə etmək, dinləyicilərlə bölüşmək imkanları əldə edirlər. Bu il festivallar məlum səbəblərdən təxirə salınsa da, ümid edirik ki, sonrakı illərdə biz yenidən böyük musiqi bayramlarının sevincini yaşayacağıq.
Cəmilə HƏSƏNOVA
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrəelmlər doktoru, professor