«Altıağacda davamlı turizmin inkişafı» layihəsi başa çatdı
   
   Azərbaycanın çox böyük turizm potensialı var. Bunu ölkəmizə gələn xaricilər də deyir, rəsmilərimiz də turizm mövzusuna həsr edilən tədbirlərdə dönə-dönə vurğulayır, mütəxəssislər də bildirirlər. Bu potensial regionlarda olduqca böyükdür. Amma gözəl təbiəti, saf havası, təmiz suyu, nadir heyvanat aləmi olan bölgələrimizdə yaşayan insanlar yerləşdikləri ərazinin ekoturizm üçün nə qədər əlverişli olmasından xəbərsizdirlər. Mütəxəssislərin fikrincə, həmin regionlarda əhali arasında maarifləndirmə işi aparmaq və buranın turizm üçün çox böyük potensiala malik olması barədə məlumatları ümumiləşdirmək məqsədilə davamlı olaraq müxtəlif layihələrin həyata keçirilməsi əhəmiyyətli olardı.
   
   Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin Almaniyanın Ekologiya Nazirliyi ilə birgə «Altıağacda davamlı turizmin inkişafı» mövzusunda həyata keçirdiyi layihə də bu məqsədə xidmət edir.
   Elə buradaca qeyd edək ki, ATİ yarandığı gündən ölkə turizminin inkişafı, problemləri və onların həlli yolları yönündə geniş fəaliyyət göstərir.
   Bugünlərdə layihənin koordinatoru, ATİ Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Eldar Aslanov bir qrup KİV nümayəndələrinə və turoperatorlara layihə çərçivəsində görülən və qarşıda duran işlərlə bağlı məlumat verdi. Mütəxəssisin dediyinə görə, paytaxt Bakıdan cəmisi 2 saatlıq məsafədə yerləşən Xızı rayonunun Altıağac qəsəbəsi böyük turizm potensialına malikdir. Burada turizmin bütün növlərinin inkişaf etdirilməsi üçün lazımi olan hər bir şərait var. Adıçəkilən layihəni reallaşdırdıqlarını deyən E.Aslanov nəticədə məqsədlərinə qismən də olsa nail olduqlarını qeyd etdi. Sonra Eldar müəllim hər şeyi gözlə görmək üçün tədbir iştirakçılarını Altıağaca bir günlük ekskursiyaya dəvət etdi.
   
   Xızı yolu və ya 150 milyon illik tarix...
   
   Ekskursiya iştirakçılarına ATİ-nin rektoru Cəfər Cəfərov başda olmaqla, institutun bir qrup əməkdaşı da qoşuldu. Yolboyu keçdiyimiz ərazilərlə bağlı Eldar müəllimin təqdimatında geniş məlumatlar alırdıq. Xızı şəhərinin girəcəyində mərhum şairimiz Mikayıl Müşfiqin xatirə-muzeyi yerləşir. «Xızıya gedib bu muzeyə baş çəkməmək günah olar»-deyib muzeyi ziyarət üçün dayanırıq. Burada M.Müşfiqin əsərləri, həyat və yaradıcılığına aid məlumatlar, şairin müxtəlif şeirlərindən misraların əks olunduğu lövhələr, Azərbaycanın görkəmli simaları ilə birlikdə çəkdirdiyi şəkillər və s. yer alıb. Ən çox diqqətimizi cəlb edən isə Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tarixi abidələr üzrə mühafizəçisi Camal Hüseynovun tarda könül oxşayan ifası oldu.
   Ziyarətimizi bitirdikdən sonra Eldar müəllimin təklifi ilə yaxınlıqdakı yüksəkliyə çıxırıq. Məlum olur ki, arxeoloqlar buradan yaşı 150 milyon il olan heyvan qalıqları tapıblar. Bir qədər getdikdən sonra isə təzəcə püskürmüş palçıq vulkanının da şahidi oluruq.
   Sonra yenidən avtobusa qayıdıb yolumuza davam edirik. E.Aslanovun verdiyi məlumata görə, Xızı rayonunun 13000 nəfərə yaxın əhalisi var. Rayonun mərkəzindən keçən yolun sol hissəsindəki inzibati binalar, mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, yüksək zövqlə salınmış Heydər Əliyev adına park və onun içərisində yerləşən eyniadlı muzey göz oxşayır.
   
   «Ağac» vaxtilə ölçü vahidi olub...
   
   Xızı rayonunun mərkəzindən keçib Altıağac qəsəbəsinə tərəf yol alırıq. ATİ-nin turizm biznesinin təşkili və idarə edilməsi kafedrasının müdiri Bahadur Bilalov qəsəbənin adının yaranma tarixini danışır. Deyilənə görə, Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınıb. Altıağac yolçuların və sarvanların düşərgə salıb dincəldikləri yer olub. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bir ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.
   Qəsəbənin girişində Altıağac Milli Parkının ofisi yerləşir. Bizi orada parkın direktoru Paşa Məmmədov qarşılayır. O, ekskursiya iştirakçılarına parkın yaranması və fəaliyyəti ilə bağlı məlumat verir (Paşa Məmmədovla geniş müsahibəni növbəti sayımızda oxuya bilərsiniz).
   Sonra Eldar Aslanov parkın əməkdaşlarına layihə çərçivəsində hazırlanmış xüsusi geyim formasını hədiyyə edir. Geyimlərin təqdimatından sonra yol alırıq «Cənnət bağı» İstirahət Mərkəzinə.
   
   «Cənnət»ə hər adam gedə bilmir...
   
   Onu da qeyd edək ki, «Cənnət bağı»na gedən yol rayonun Baxışlı kəndindən keçir. Kəndin sakinləri əsasən heyvandarlıqla məşğul olurlar. Əhalinin əksər hissəsini Qərbi Azərbaycandan köçüb gələnlər təşkil edir. Əraziyə gələn turistləri qonaq etmək və bundan külli miqdarda gəlir götürmək kənd əhalisinin heç ağlına belə gəlmir. Elə yolboyu qarşımıza çıxan evlərin quruluşundan da bunu asanlıqla görmək olardı. E.Zeynalov bildirir ki, həyata keçirdikləri layihənin bir hissəsi də əhalini bu sahədə maarifləndirməkdən ibarətdir.
   Nəhayət, gəlib çıxırıq «Cənnət bağı»na. Əvvəlcədən qeyd edim ki, bu istirahət məkanında yaradılan şərait hər bir insana elə uzaqdan gəl-gəl deyir. Öncə buranın zooparkına baş çəkirik. Buradakı dəvələr, ayılar, müxtəlif növ quşlar, meymunlar istirahəti maraqlı keçirmək üçün çox cəlbedici vasitədir. Eyni zamanda hər cür yüksək şəraitlə təmin olunmuş hotel binası (istirahət məkanı əməkdaşlarının dediyinə görə, bura daha varlı insanlar üçün nəzərdə tutulub), kotteclər, restoran və kafelər, asma körpü xidməti personajla birlikdə sutkanın 24 saatını gələn qonaqların ixtiyarındadır. Bu gözəllikləri görənlərin könlündən ildə bir neçə dəfə buraya səfər etmək keçir. Amma bu arzu qiymətlərlə maraqlanana qədər gözdə-könüldə yaşayır. İstirahət məkanının bir günlük qiymətini öyrəndikdə isə insanda xəyal qırıqlığı yaranır. Məlum olur ki, bu cənnət-məkan heç də adi adamların cibinə uyğun deyil.
   «Cənnət bağı» İstirahət Mərkəzinin inzibatçısı İdris müəllim (nədənsə soyadını demək istəmədi) bizə bildirdi ki, qışda da qonaqları olur, özü də Amerikadan, Böyük Britaniyadan və eləcə də Avropanın digər məkanlarından. Yayda azərbaycanlılar da buraya istirahətə gəlir.
   
   Cənnətin bir guşəsi...
   
   Tədbirdə bizimlə birlikdə bir neçə xarici də iştirak edirdi. Turizm sahəsi üzrə mütəxəssis olan bu insanların fikirləri ilə maraqlanırıq. Qeyd edək ki, onların hər ikisi Azərbaycanda turizm sahəsində çalışır:
   
   Lütfül Kəbir, ATİ-nin keyfiyyətə nəzarət üzrə rektor müavini:
   
   - Bu adı fikirləşən adamı təbrik edirəm, o baxımdan ki, bura doğrudan da cənnətdən bir guşədir. Azərbaycanda olduğum 12 il ərzində Balakəndən başqa, demək olar ki, ölkənin butun rayonlarında olmuşam. İnanıram ki, əgər Azərbaycan dövləti turizm sektorunu inkişaf etdirə bilsə, bu halda ölkənizin varlı olması üçün heç nəyə ehtiyacı olmayacaq. Azərbaycanın inkişaf etmiş turizm ölkələri sırasında durması üçün çox böyük potensialı var. Mən bu ölkənin bir çox səfalı yerlərində olmuşam. Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu sahədə əsas çatışmazlığınız ixtisaslı mütəxəssislərinizin olmamasıdır. Əgər bu problemi həll edə bilsəniz, ölkəniz doğrudan da çox qısa bir zamanda dünyanın ən çox tanınmış turizm məkanlarından birinə çevriləcək.
   
   Susan Görnert, Altıağac Milli Parkının tədqiqat və turizm üzrə direktor müavini:
   
   - Altıağac turizm üçün çox əlverişli bir məkandır. Xüsusilə yay aylarında astma xəstəliyindən əziyyət çəkən çoxsaylı insanlar buraya, sadəcə, təmiz hava udmaq üçün gəlir. Fikrimcə, təkcə Bakıda yaşayanlar yox, eyni zamanda bütün dünyada yaşayan insanlar bu region haqqında çoxlu bilgilərə malik olmalıdırlar. Burada rahatlıq, gəzinti və turizmin bir növü olan «hakinq» üçün çox böyük potensial var. İnsanların bu ərazinin qoruq olması haqqında bilgiləri olmalıdır. Eyni zamanda yerli sakinlər də bilməlidir ki, bu ərazi ekoturizm üçün nə qədər əhəmiyyətlidir.
   
   Və sonda...
   
   Nəhayət, axşama doğru gəzintimizi yekunlaşdırıb Bakıya tərəf yol alırıq. Burada Xızının təbiəti haqda bir neçə söz yazmaq istərdim. Xızının iqlimi o qədər dəyişkəndir ki, insan burada ilin hansı fəsli olduğunu çətinliklə müəyyənləşdirir. Orta məktəbdə oxuyanda inşa yazarkən çox sevdiyim bir ifadədən tez-tez istifadə edərdim: «Dünyada olan 11 iqlim qurşağının 9-na Azərbaycanda rast gəlmək olur». O zaman bunun nə demək olduğunu o qədər də dərk etmirdim. Amma səmimi etiraf edirəm ki, Xızıda mən bunun şahidi oldum. Yolun bir tərəfində gün çıxmışdı, digər tərəfi isə buz bağlamışdı. Havanın temperaturu, demək olar ki, hər 100-200 metrdən bir dəyişirdi.
   Bu gözəllikləri seyr edə-edə yolboyu özüm-özümlə təəssüratlarımı bölüşürəm və yazını hansı istiqamətdə yazacağımı planlaşdırıram. Gəldiyim nəticə isə odur ki, turizm sahəsində mövcud olan problemlər köklü problemlərdir. Onların həllinə nail olmaqla doğrudan da bu sahədən istədiyimiz qədər gəlir götürə bilərik. Varlı olmaq üçün yalnız neft kifayət deyil. Neft bir gün qurtara bilər, amma turizm tükənməyən gəlir mənbəyidir.
   
   Fəxriyyə ABDULLAYEVA
  
 Bakı-Xızı-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar