Azərbaycan
19 sentyabr 1992 – Görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.
19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltanoğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların, filmlərə musiqilərin, populyar mahnıların müəllifidir. 60-cı illərdə Azərbaycanın Mədəniyyət naziri işləyib.
19 sentyabr 2011 – Bakıda görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun abidəsinin (heykəltəraş – Namiq Dadaşov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştira kedib.
20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfquluoğlu Nəcəfov (1918-1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.
20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllimoğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də filmlər çəkib.
21 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Məşədi Rzaoğlu Zeynalov (1865 – 22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.
21 sentyabr 1938 – Şairə, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 – 20.12. 2014) Bakıda doğulub. Azərbaycan Televiziyasının diktoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Varolun, qızlar...” filmində çəkilib.
21 sentyabr 1982 – Əməkdar artist Hacıməmməd Ələkbəroğlu Qafqazlı (Quliyev; 1898-1982) vəfat edib. Lənkəranda anadan olub. Akademik DramTeatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
22 sentyabr 1909 – İlk azərbaycanlı kino rejissorlardan Səməd Həşimoğlu Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cuildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış aktyor Mustafa Mərdanovun qardaşıdır.
22 sentyabr 1924 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynoğlu Hüseynov (1924-2017) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
22 sentyabr 1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929-2005) anadan olub. Türkiyədə M.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib, dərnəyin “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 – 30.11.1997) anadan olub.
22 sentyabr 1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876-1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
Dünya
19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878-1968) anadan olub.
21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
21 sentyabr 1866 – İngilis yazıçısı Herbert Uells (Herbert George Wells; 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.
21 sentyabr 1911 – Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
22 sentyabr 1694 – İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield; 1694-1773) anadan olub.
22 sentyabr 1875 – Rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.
22 sentyabr 1938 – Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed; 1938-1986) anadan olub.
Hazırladı: Vüqar ORXAN