Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Kamera Orkestri, Bakı Uşaq və Gənclər Teatrının iştirakı ilə Azərbaycan mədəniyyətinə, musiqisinə əvəzsiz töhfələr vermiş Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx təqdim edib.

“Light in Black” şirkəti tərəfindən çəkilən videoçarxda dahi bəstəkarın “Arazbarı” əsəri səslənir. Üzeyir Hacıbəyli yaradıcılığına xas, folklorumuzdan irəli gələn nikbinlik, ruh yüksəkliyi ilə dolu musiqi qəlblərə inam gətirir və videoçarx bəstəkarın ucsuz-bucaqsız səmaya, Tanrıya yönələn baxışları, ahəstə, eyni zamanda torpaqdan güc alan addımları ilə bitir. 

Rəmzlərlə dolu videoçarx milli mədəni irsimizin bir hissəsi olan musiqimizin ölməz klassikinin ruhuna ehtiramın ifadəsidir.

***

Ölkəmizdə fəaliyyət göstərən muzeylər haqqında üç dildə (Azərbaycan, rus, ingilis) məlumatların yer aldığı “Museum.az” internet bələdçisi də Milli Musiqi Gününə həsr olunmuş xüsusi videoçarx təqdim edib.