Avqustun 27-dən sentyabrın 18-dək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mərkəzləşdirilmiş qaydada imtahanlar keçirilib.

DİM-dən bildirilib ki, ümumilikdə ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına imtahanlar təşkil edilib. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçirilib. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020–2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq edilib, həmçinin ixtisasların bəzilərinə imtahanlar (məşqçilik, fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi, təsviri incəsənət müəllimliyi və musiqi müəllimliyi) keçirilməyib.

Xüsusi qabiliyyət imtahanları təsviri sənət, musiqi, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərini əhatə edib. V ixtisas qrupu üzrə qabiliyyət imtahanları 15 ixtisas üzrə aparılıb. Bununla yanaşı, I ixtisas qrupu üzrə memarlıq ixtisasına qabiliyyət imtahanı, III ixtisas qrupu üzrə islamşünaslıq ixtisasına müsahibə keçirilib.

Qabiliyyət imtahanlarında iştirak üçün 5153 abituriyent (subbakalavr) qeydiyyatdan keçib. Dizayn komissiyası üzrə qeydiyyatdan keçənlərin sayı digər komissiyalarla müqayisədə daha çox olub. Qabiliyyət imtahanları nəticəsində 1938 nəfər ixtisas seçiminə buraxılıb.

Məlumatda bildirilir ki, imtahanların davametmə müddəti ixtisaslardan asılı olaraq müxtəlif olub. Ən az imtahan müddəti 3 saat, təsviri sənət istiqamətinin xüsusi qabiliyyət imtahanları isə 6 saat çəkib. Hər bir qabiliyyət imtahanı günündə imtahandan sonra qiymətləndirmə prosesi və bəzən apelyasiya da keçirilib.

 Abituriyentlərin imtahan nəticələrini daha tez öyrənmələri üçün qiymətlər imtahan gününün axşamı hər bir abituriyentin öz səhifəsinə yerləşdirilib. Apelyasiya komissiyalarına 285 müraciət qeydə alınıb. Müraciətlərə əsasən imtahan zamanı yerinə yetirilmiş işlərə yenidən baxış keçirilib və müvafiq qərarlar qəbul edilib.