Cəfər Namiq Kamal: “İndi adama səhnə də qərib gəlir. İllərlə bir səhnəni bölüşdüyün, improvizələrini göydə tutduğun, nə dediyini qırımından anladığın adamlar azaldıqca qalırsan təklik adlı quyuda. Teatr kollektiv sənətdir, gərək hamı oynasın, özü də bir-biri ilə”

Hə, doğru anladınız, qələbə. Özü də inamlı. Amma bir az da kədərli. Niyəsini qalibin özündən də soruşdum. Düzü, cavabı məni qane eləmədi. Niyə? Çünki adamın dərd sevgisi bir az xətalı məsələdir. Odur ki, söhbətimizdə bunu sizin üçün, elə özüm üçün də çözməyə çalışdım. Anladığım qədəri ilə onun həyatla olan hesab-kitab işlərində heç vaxt nisbi sakitlik olmur. Yeddisində də, yetmişində də onun öz ağrısı var. Ətrafına gülüş borcu olduğunu hesab etsə də...

Beləliklə, həmsöhbətimiz 70 illik yubileyini pandemiyada əridən, teatr üçün daim darıxan, özünü səhnənin sağalmaz xəstəsi sayan sadiq aktyor, Xalq artisti Cəfər Namiq Kamaldır.

 

– Necəsiniz, Cəfər müəllim? Bayaqdan dünya insanının əsas müzakirə mövzusuna çevrilən koronavirusdan danışırıq. Davamlı yaradıcılıq prosesində olan adam kimi sizin də bu çağırılmamış qonağa sözünüz olar...

– Belə insafsız qonağa sözümü etirazla – susaraq bildirirəm. Bəlkə onda çıxıb gedə. Zarafat bir yana, ağır dönəm oldu. Vallah, teatr əhli zatən teatr epidemiyasında idi. Kiçik yaşlarımızdan yoluxduğumuz bu virusdan sağalmaq bilmirik də. Bir yandan da bu “taclı məxluq” gəldi.

 

– Hansı daha təhlükəlidir: teatr, yoxsa korona?

– Teatr epidemiyası (gülür). Çünki koronavirus nə vaxtsa – uzağı 1-2 ilə qurtaracaq. Amma teatr epidemiyasına, belə deyim də, kiçik yaşlarından yoluxursan və elə sağalmadan da o yana gedirsən. Onu da deyim ki, son 20 ildə məzuniyyətimin əsas hissəsini əla şəraitdə – Yessentukidə keçirmişəm. Rahatca dincəlir, gündəlik problemlərdən uzaqlaşıram. Amma uzağı 10 gündən sonra teatr üçün darıxıram. Nə bilim, vallah, bura düşən çıxa bilmir də.

 

– Adətən teatrda çalışan adamlar deyir: teatr bir bataqlıqdır, girdinsə çıxa bilmirsən. Nə qədər haqlı olduqlarını siz daha yaxşı bilərsiniz.

– Bataqlığa girən boğulur, ölür, burada isə batmırsan, nəfəs alırsan. Hə, bataqlıq deyənlər ondan zövq almayanlar, çapalayıb çıxa bilməyənlərdi. Yanğısı olmayan, özünü ifadə edə bilməyən, sevgisini də oynayan adamlardı. Bax, onlar ömrünü boşa keçirənlərdi. Odur ki, teatrı təcili tərk etməli, qaçmalıdırlar. Qısa ömür yaşayırıq, gedib başqa işlə məşğul olsunlar. Ən böyük istedad bacarığını tapmaq və özünü realizə etməkdir. Elə adam var hansısa sahədə çalışır, amma yarıcanı başqa sahədə, başqasının yerindədir.

 

– Cəfər müəllim, aktyorun potensialını birinci rejissor duyur, yoxsa aktyor özü?

– Birincisi, rejissorun böyüklüyü və istedadıdır ki, səndə o keyfiyyəti, göstərmədiyin oyun tərzini görə bilsin. O, ali rejissordur. Əlbəttə, aktyor canlı adamdır, hiss edir ki, o, bu işin öhdəsindən gələ bilər, ya yox. Bu mənada istər əvvəllər çalışdığım Gənc Tamaşaçılar Teatrında, istərsə də burada – Akademik Milli Dram Teatrında rol veriləndə ilk olaraq dönüb özümə baxmışam. Əgər təzə söz deyə bilməyəcəyəmsə, maraqsız personajdırsa, işləmək, “qazıntı”lar aparmaq üçün materialı yoxdursa, o roldan qaçmışam. Bilirsən, 3 ay bir obraz üstündə məşq edirsən. Bax o zamana yazığın gəlməli və nə etdiyini ayırd eləməlisən: hansısa obrazı yaratmağa, yeni insan dünyaya gətirməyə gedirsən, yoxsa natamam bədheybətin libasını geyinməyə. Çox vaxt “mən oynadığım rol” deyirlər. Oynamaq nədir? Bu dominodur bəyəm? Deməli, o adam elə oynayır. Aktyor oynamamalı, həyatda olmayan, təxəyyüldən gələn insanı yaratmalıdır.

 

– Deməli, insanını da sevərək yaratmalısan. Mənfi, yoxsa müsbət qəhrəmanlarla rahat yola gedirsiniz?

– Əlbəttə, mənim rola məhəbbətim olmasa, yaranmasa, nə etsələr də, onu ifa etmərəm. Gərək o insanın daxilinə varasan, ona inanasan ki, inandırasan. Aktyora insan mühəndisi deyirlər. Bu elə-belə söz deyil. Aktyor hər yaşda, hər ağılda, hər formada insan yaradır. Onun nazı ilə oynamaq, dərdini çəkmək, sevincinə bələnmək... Ona görə daim demişəm ki, bizim sənət ömür qısaldan sənətdir. Camaat öz dərdini çəkə bilmir, aktyor bir ayda 12 adamın azarına tutulur. Biz axı dəmirdən deyilik.

 

– Obraza girmək məsələsini özünüz üçün bu cür analiz eləmisiniz?

– Bəs necə. Sən o obraza girməsən, səhnədə elədən-belə nə qədər getsən də, tamaşaçı sənə baxmayacaq. Candərdi baxsa da, ya əsnəyəcək, ya mürgüləyəcək, ya da darıxdığından durub gedəcək. Ona görə də gərək onu öz halına inandırasan, təsirləndirəsən. Hisslərini çatdırasan. Təbii ki, söhbət həqiqi oyun nümayişindən gedir.

 

– Hər obrazınızda sizdən bir işartı varmı?

– Mütləq. Yoxsa dəliyəm hər dəfə bir adama qoşulum? Baxan bilməlidir ki, səhnədəki adam obrazının dostudur, yoxsa düşməni.

 

– Teatrlarda qalmaqallar çox olur. Sizin adınız belə hadisələrlə bağlı heç hallanmayıb...

– Heç kəsin ayağına daş vurmamışam, kiminsə arxasınca danışmamışam, pislik də etməmişəm. Başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Elə işlərdə əlim olmaz. Başqa adamam e. Qarşımdakını anlamağa çalışıram. Dərdini duyuram. Axı, hamımızın içində yatan böyük dərd var. Mən də həm həyatda, həm də səhnədə dərdli adamları xoşlayıram, onlarla rahat yola gedirəm.

 

– Qəribədir, həyatda olduqca şən adama bənzəyirsiniz...

–  Görüntü çox vaxt aldadır. Həm də dərdsiz adam var ki? Qəhrəmanlarım kimi. Üzləri gülür, amma ürəkləri açılmır. Başqa cür ola da bilməz.

 

– Bayaqdan qəhrəmanlarınızdan danışırsınız, gözləriniz dolur, kövrəlirsiniz...

– Çətindir, zaman keçdikcə qəhrəmanların səhnədən sənə qoşulub ev-eşiyinə köçür, həyət-bacanda dolaşır, bəzən də xirtdəyinə yapışır.

 

– Deyəsən, amplua məsələsinin məqamıdır. Ümumən “amplua” sözü ilə aranız necədir?

– Bu sözlə qəti razı deyiləm. Aktyor insan mühəndisidirsə, o, hər cür obrazı yaradıb, hər xarakteri daşıya biləcək. Normal aktyor, işinin peşəkarı mütləq çərçivəsiz olmalıdır. Qoy aktyor özünü ifadə eləsin, özünə baxsın.

 

– Bayaqdan söhbət edirik, ara-sıra xatirələrinizi bölüşürsünüz. Ətrafınız seyrəldikcə hansı hisslər hakim olur? Təkliyə çəkilmirsiniz ki?

– Nə yaman yerdə haqladın məni. Çətindir də sözdür? Adamın nəfəsi kəsilir. O tərəf-müqabillərlə ki işəyirdim artıq yoxdular. İndi adama səhnə də qərib gəlir. İllərlə bir səhnəni bölüşdüyün, improvizələrini göydə tutduğun, nə dediyini qırımından anladığın adamlar azaldıqca qalırsan təklik adlı quyuda. Teatr kollektiv sənətdir, gərək hamı oynasın, özü də bir-biri ilə.

 

– Qardaşınız, Xalq artisti İlham Namiq Kamal yubiley ilində Don Kixot oldu. Sizin benefis tamaşanız hansı olacaqdı, ürəyinizdən nə keçirdi?

– Açığı, indi heç nə. Elə vəziyyət düşdü ki, yubiley də yaddan çıxdı. Yəqin bu da  mənim bəxtimdəndi. Amma yox e, nə vaxtsa mütləq oynayacam, gərək ürəyimdə qalmasın.

 

– Maraqlıdır, 70 yaşlı kədərli adamın arzuladığı obraz hansıdır?

– Hacı Qara. Yubileyimdə onu oynamaq istəyirdim. Amma hamının oynadığını yox, Axundzadənin göstərdiyini.

 

– Hacı Qara məsələsində haqlısınız. Yazıq kişini simic profilindən çıxara bilmirik hələ də.

– Ay sağ ol, bax onu deyirəm də. Bu yazıq ticarət adamıdı və o, hesabı ilə iflas olacaq. Bunun gülməli nəyi var ki? Yazıq dramatik haldadı. Oradakı komizmi başqa planda vermək lazımdı ki, tamaşaçı da söhbətin nədən getdiyini bilsin. Ümumən, burda çox işlər var. Axundzadə dahidi, bənzərsizdi və onun tiplərinin hamısı o qədər dərindir ki, onları məhdudlaşdırmaq olmaz.

 

– Aktyorların yaman rol nisgilləri də olur.

– Mənim elə də dərin həsrətim yoxdur, şükür, istədiyim rolları oynamışam. Qalıb təkcə Xlestakov. Amma oynanılanlar kimi yox, özüm kimi ifa edərdim. Ona Qoqolun “Müfəttiş”i kimi baxardım. Yaradardım e o obrazı...

 

– Bu səhnədə son olaraq hansı tamaşada oynamısınız?

– “Dəli yığıncağı”nda və “Yaşar”da.

 

– “Dəli yığıncağı” bir neçə teatrda səhnəyə qoyuldu. Hansını bəyəndiniz? Ümumən, teatrlar arasında zəif əlaqəyə görə soruşuram, digər teatrlara gedirsiniz?

– Başqalarını deyə bilmərəm, mən gedirəm. Bizim “Dəli yığıncağı” daha təsirli və maraqlı idi. Ən azı inandırıcı idi. Özüm oynadığıma görə demirəm. Tamaşa tutumlu idi. Yaxşı olmasaydı, tamaşaçı gəlməzdi, baxmazdı, alqışlamazdı.

 

– Tamaşaçı demişkən, onlar necədir: tələbkar, amansız, yoxsa biganə?

– Tamaşaçı eyni deyil. Zalda 5-10 nəfər sənəti duyan, ona qiymət qoyan insan varsa, bəsdir. Teatr yaxşı tamaşa versə, tamaşaçı ondan qaçmayacaq, gəlib yenə baxacaq. Gərək elə oynayasan, elə tamaşa qoyasan ki, o 5-10 nəfərin sırası genişlənsin, çoxalsın.

 

– Bayaq “oyunumun alınmayacağını hiss etdiyim roldan asanlıqla imtina edirəm” dediniz. Bu halda rejissorların “narahat aktyor” siyahısına düşməkdən çəkinmirsiniz ki?

– Məntiq ilə əsaslandırıram axı. Həmçinin rejissor üçün də belə yaxşıdır.

 

– Gələk yubiley tematikasına: 70-dən neçə hesab irəlidəsiniz?

– Yenə yadıma saldın (gülür). Doğrudan, heç 70 kimi hiss eləmirəm. Elə bil çaşıblar, vallah, rəqəm səhvi olub. Haradan gəlib çıxdılar 70-ə?

 

– Zaman tez keçdi?

– Keçdi yox e, uçdu. Elə bil dünən bura gəlmişəm. Gənc Tamaşaçılar Teatrındakı arzular dolu Cəfər sanki elə o yaşdadı. Bilirsən, işə başın qarışanda zaman çox tez keçir. Bax, bu 4-5 ay mənə il kimi gəldi. Çox darıxdım. Heyf deyil, səhər məşq, günorta çəkiliş, axşam da tamaşa. İnan ki, o qaç-qovda heç yorulmursan da. Amma bu bekarlıqdan avara məşğuliyyət yoxmuş.

 

– Bayaqdan qəhrəmanlarınızdan, onlara qatdıqlarınızdan həvəslə danışırsınız. Həyata da elə sarkazmla baxmalıyıq, yoxsa olduğu kimi qəbul eləməliyik?

– Olduğu kimi qəbul etməliyik. Mən hər şeyi içimə salıram - boğulsam da. Başqasının dərdinə elə dərdlənirəm ki, özüm də yadımdan çıxıram.

 

– Bu adamla yaşamaq çətindir?

- Çox. Özü də qışqıra bilmirsən, qalırsan içində çəkə-çəkə. Çünki heç kimə ağıl verməyi, yol göstərməyi xoşlamıram. Qarşımdakını incidə də bilmirəm. Deyirəm, əşi, qoy elə özüm çəkim.

 

– Özünüzü rahat ifadə edirsiniz?

- Hə, qırmızı adamam, sözü üzə deyirəm. Narahat olmaqları da vecimə deyil. Onu eləməsəm, lap tez ölərəm.

 

– 70 yaşınızı kimlər təbrik elədi?

- Dostlarım, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva, nazirlikdən də təbrik məktubu göndərdilər, Azərpaşa müəllim təqdim elədi. Əsas odur ki, hamılıqla yığılıb 70 yaşa çatdığımı boynuma qoydunuz.

 

– İnşallah, 80 yaşınızda bir də danışarıq.

– Yaxşı arzudu, gərək çalışım...

Söhbətləşdi: Həmidə NİZAMİQIZI