Xəbər verdiyimiz kimi, hər il sentyabr ayında Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” adı altında silsilə tədbirlər keçirilir.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və mədəni irsi təbliğ etməkdir.

1991-ci ildən təşkil olunan  “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Pandemiya səbəbindən məhdud formatda gerçəkləşən builki “Avropa İrs Günləri” aktual bir məsələyə – “İrs və təhsil: həyat üçün öyrənmək” mövzusuna həsr edilib.

Koronavirus epidemiyasına görə Fransada 1500-ə yaxın mədəni irs abidəsi ictimaiyyəti qəbul edə bilməyəcək. Bununla belə, 13 min mədəni irs abidəsinin öz qapılarını ictimaiyyətə açacağı bildirilib. Həmçinin, ziyarətçilərin Fransa mədəni irs abidələrini virtual izləmək imkanı olacaq.

Ziyarətçilər 2019-cu ildə yanğına məruz qalmış Məryəm ana kilsəsinin (Paris Notr-Dam kilsəsi) bərpa işlərini yaxından izləyə biləcəklər. Paris Milli Sənətlər İnstitutu da sənətsevərlərə müxtəlif sənət növlərini yaxından canlı izləməyə şərait yaradacaq. Yalnız tələbə və tədqiqatçılara açıq olan Milli İncəsənət Tarixi İnstitutu kitabxanasının tarixi kolleksiyalarını canlı izləmək mümkün olacaq.

Fransada artıq 5-ci ildir ki, “Matrimoine” Mədəni İrs Günü də keçirilir. Bu gün yaradıcı qadınlara həsr olunub. 21-22 sentyabrda keçirilən “Matrimoine” çərçivəsində bir çox assosiasiyalar, kollektivlər və şirkətlər tərəfindən müxtəlif dövrlərdə yaşayıb-yaratmış yaradıcı qadınlara həsr edilmiş sərgilər, film və interaktiv tamaşa nümayişləri təşkil olunub.

“Biz yalnız muzalar deyilik!” devizi altında keçirilən “Matrimoine” Mədəni İrs Gününün əsas məqsədi qadın irsini dəyərləndirmək, incəsənət və mədəniyyət sahəsində qadın-kişi bərabərsizliyinə son qoymaqdır.