Avstriya paytaxtında ənənəvi olaraq təşkil olunan əsas ballar COVİD-19 pandemiyası ilə əlaqədar ləğv edilib. Bu barədə qərar Vyana Ənənəvi Ballar Komitəsinin xüsusi iclasında qəbul edilib.

Vyana bal mövsümü şəhərin təkcə mədəni deyil, həm də iqtisadi həyatı üçün mühüm faktordur. Şəhər İqtisadiyyat Palatasının məlumatına görə, hər il orta hesabla Vyanada müxtəlif ballarda 520 min insan iştirak edir və 151 milyon avro həcmində ümumi dövriyyə meydana gəlir.

Klassik musiqinin paytaxtı hesab edilən Vyanada ballar öz tarixi ənənələri ilə tanınır və qış mövsümünü bu tədbirlər olmadan təsəvvür etmək mümkün deyil.

Komitə iclasda qapalı məkanlarda tətbiq olunan məhdudiyyətlərin balların ənənəvi formada təşkilini mümkünsüz edəcəyi qənaətinə gələrək, iştirakçı və təşkilatçıların sağlamlığı üçün belə bir qərar qəbul edildiyini bildirib. Bu tədbirlər içərisində xüsusi yeri olan Vyana Opera Balının baş tutub-tutmayacağı barədə suala isə aydınlıq gətirilməyib. Vyana Dövlət Operası da bu mövzuda hələlik açıqlama verməyib.

İLONA