Zalda tamaşa göstərmək mümkün deyilsə...
Xəbər verdiyimiz kimi, Mingəçevir Dövlət Dram Teatrı pandemiya səbəbindən bir çox sənət ocaqlarının qapılarının bağlı qaldığı bu günlərdə maraqlı bir layihə – antik teatr üslubunda tamaşa ilə yeni mövsümü açdı.
Sentyabrın 18-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevirin teatr kollektivi “Sara” adlı yeni tamaşasının premyerasını etdi. Tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək – açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olundu.
Şifahi xalq ədəbiyyatından çoxumuza məlum olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluş rejissoru Cavid Təvəkkül, quruluşçu rəssamı Rəfael Haşımov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyevdir. Rolları Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları ifa ediblər.
Tamaşa, onun qeyri-ənənəvi formada vizual həlli və ümumən kino estetikasının teatrda realizəsi barədə quruluş müəllifi Cavid Təvəkkülün fikirlərini öyrəndik. Məlumat üçün qeyd edək ki, rejissor teatra kinodan gəlsə də, ümumən teatrda, elə Mingəçevir teatrında böyüyüb, bu teatrın səhnəsində uşaq rolları ifa edib.
Bir neçə filmə quruluş verən rejissor, özünün də dediyi kimi, kinodan “taym-aut” edərək teatra köçüb: “Paytaxtdan köçmək, bir bölgədə yaradıcılıqla məşğul olmaq istədim. Belə olduqda tərəddüdsüz doğma Mingəçeviri seçdim. Çünki atam bu teatrın səhnəsində illərlə çıxış edib, mən bu məkanda səhnə, sənət ilə tanış olmuşam. Bura gələndən sonra “niyə Mingəçevir teatrında bir tamaşa qoymayım” sualını əvvəl özümə, sonra da teatrın rəhbərliyinə verdim. Sağ olsunlar, şərait yaratdılar və özümü böyük Mirzə Cəlilin “Kişmiş oyunu” pyesi ilə sınadım. Hekayə əsasında yazılan birpərdəli pyes üzərində məhsuldar məşq prosesi keçdik və tamaşa 10 mart – Milli Teatr Günündə tamaşaçı qarşısına çıxacaqdı. Premyera da pandemiya ilə əlaqədar olaraq baş tutmadı. Sonradan biz müdiriyyətlə açıq havada tamaşa ətrafında söhbət apardıq. İdeya bəyənildi və onlayn məşqlərə start verdik. Əvvəl “Apardı sellər Saranı” tamaşasını elə Mingəçevirdə, Kürün sahilində oynamaq istədik. Təbii ki, ideya və vizual bənzərlik baxımından da uyğun idi. Amma beynimdə əsas yeri məhz o türbələr – Şamaxıdakı abidələr tutmuşdu. Ümumən tarixi məkanlarda tamaşa ideyası çoxdan fikrimdə vardı. Nəhayət, bu ideyanı həyata keçirə bildik. Premyera uğurlu oldu və bu, tamaşanı izləyən insanların çöhrəsindən də sezilirdi”.
Rejissordan kinematoqrafik elementlərin teatra inteqrasiyası barədə mülahizələrini də soruşduq. O, tamaşaçı ilə vizual həll dilində danışmağa çalışan çağdaş teatrın qarşıya qoyduğu məqsədlərə, qismən də olsa, çatacağı qənaətindədir: “Bildiyiniz kimi, dünya çox dəyişib və dəyişir. Həyat yeni bir mərhələyə addım atır. Amma yenə də teatr təslim olmur. Necə ki kino yarandıqda teatrın ikinci plana keçdiyini deyirdilər. Amma kino da, televiziya da teatrın müqavimətini qıra bilmədi. Onun öz tamaşaçısı var, olub və olacaq. Bu gün internet əsridir. Və yenə də insanlar düşünür ki, teatr bəlkə bu dəfə təslim oldu. Amma yenə də teatr təslim olmayacaq. Eyni zamanda teatr da vizuallaşır. Pandemiyanın zərurəti meydandan gələn sənəti yenə də ora – meydana aparır. Bunun formaları çoxdur. Ona görə də meydan tamaşası üslubunda nümunənin uğuruna, maraqlı olacağına inandım. Xüsusən də bu vəziyyətdə – teatr salonunda tamaşa nümayişinin mümkün olmadığını dərk etdikdə. “Sara” quruluşca antik teatra cəhd idi - meydan tamaşası olsa da. Aktyorların prosesə qoşulmaları ilə bağlı məqama gəlincə, bu, çətin olsa da, alındı. Biz onlarla ümumi dil tapa bildik. Klassik, romantik teatrdan çıxıb post modernist teatra birdən-birə girişmək çətindir. Amma aktyorlarla iş birliyimiz qənaətbəxş oldu”.
Rejissor bu tamaşanı daha bir neçə tarixi məkanda, xüsusilə Şirvanşahlar Sarayı Kompleksində təqdim etmək istədiklərini bildirdi: “Bununla bölgədə fəaliyyət göstərən aktyorların yaradıcı imkanlarını bir də bu istiqamətdə göstərə bilərik. Bundan sonra da meydan teatrı formasında tamaşalar oynamaq istərdik. Bununla bağlı əsərlər də seçilib. Epidemiyanın reallıqları bizə səhnədə işləməyə, zalda tamaşa göstərməyə imkan vermirsə, deməli, biz o məkanlardan çıxmalı, tamaşaçı ilə mümkün şəraitdə görüşə getməliyik”.
HƏMİDƏ