Kamança və tarı muğam ifaçılığının “milli pasportu” adlandırırlar. Kamança əsrlərdir yol gəlir, musiqimizin ən gözəl incilərini dəyərli əmanət kimi qoruyaraq nəsildən-nəslə ötürür. Bu aləti dilə gətirən, onun ahəngini, naləsini bizə çatdıran sənətkarlarımız kamançanın inkişafına, imkanlarına və ifa üslubuna öz töhfələrini verib, onun xalqımıza məxsusluğunu dönə-dönə sübut ediblər. Belə sənətkarlardan biri də “Kamança mənim üçün həyatdır, dünyadır. Kamançasız mənim bir günüm olmasın” deyən Xalq artisti, professor Fəxrəddin Dadaşovdur. Sənətkar bu il 70 illik yubileyini qeyd edir.
Uşaqlıq illərim, ən gözəl çağım...
Yubileyi ərəfəsində Fəxrəddin müəllimlə həmsöhbət olduq. Ömür yolu haqqında özü danışır:
– 1950-ci il sentyabrın 26-da İçərişəhərdə dünyaya gəlmişəm, keçmiş “Sovetski” məhəlləsində böyümüşəm. Ulu babalarım Ərdəbildən buraya gəliblər. Atam musiqiyə həvəsimi görüb 5 yaşımda mənə nağara aldı. Atam Əlisahib özü də zərb alətlərində ifa edərdi. 7-8 yaşım olanda məni tar sinfinə yazdırmaq istədilər. O vaxt 2 nömrəli Musiqi məktəbinin qəbul imtahanı filarmoniyada keçirilirdi. Məktəbin Fatma xanım adlı direktoru var idi. İmtahan verdikdən sonra direktor dedi ki, tar bu uşaq üçün böyükdür. Gəlin, kamança sinfinə qəbul edək. Çünki boyum balaca idi. Tar sinfinə yazılmaq istədiyim üçün bir az şıltaqlıq etdim. Atam dedi ki, gedək evdə məsləhətləşək, bir xəbər deyərik. Filarmoniyadan çıxanda atam həyətdə oturan musiqiçilər sırasında Habil Əliyevi mənə göstərdi. Dedi bax, televizorda görmüsən onu, tanınmış kamança ifaçısıdır. Mən küsdüyüm üçün atama “tanımıram, görməmişəm” cavabını verdim.
Atam Habil müəllimlə görüşəndə o, bizə bildirdi ki, axşam televizorla canlı konserti veriləcək. Axşam konsertə elə maraqla baxdım ki, ifa və alət məni özünə cəlb etdi. Atama dedim ki, səhər gedək, yazılım kamança sinfinə. 5 il əlaçı kimi oxuyub bitirdim məktəbi. Respublika üzrə müsabiqədə birincilik qazandım və ilk dəfə 2-ci sinifdə oxuduğum vaxt televiziyada çıxışım oldu. İndiyə kimi yadımdadır. Sima adlı diktor var idi. O, məni elan etdi: “Müslüm Maqomayevin “Radio marşı”. İfa edir 2 saylı Musiqi məktəbinin şagirdi Fəxrəddin Dadaşov”. Hədsiz həyəcanlı olsam da, yaxşı ifa etdim.
Müsahibim daha sonra təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirir. Təhsilinin ilk günlərindən qalan bir xatirəsini bölüşür:
– Bülbül adına məktəbdə Abbasqulu adlı yaşlı bir riyaziyyat müəllimi var idi. Bir kəlmə sözün üstündə iki il məni sinifdə saxladı. 1963-cü ildə elə dərs ilinin ilk günlərində rəhmətlik qarmon ifaçısı Ədalət Vəzirovla bir partada oturmuşduq. O, 6 saylı Musiqi məktəbindən gəlmişdi. Müəllim sinfə girib dedi ki, uşaqlar həftədə iki dəfə cəbr, iki dəfə həndəsə dərsi olacaq. Cəbr də o vaxt yeni başlamışdı tədris olunmağa. Mən partanı çala-çala Ədalət üçün oxumağa başladım: “Həndəsə, hər kəs onu bilməsə, Müəllim onu döyməsə...”. Müəllim hansı məktəbdən gəldiyimi soruşdu. 190 nömrəlidən gəldiyimi dedim. Müəllimimi xəbər aldı. Xasay müəllimin adını çəkdim. Dedi “Sağ ol, Xasay müəllim. Adımı dəyişərəm, mən səni iki il sinifdə saxlamasam”.
Ən sevdiyim fənlər cəbr və həndəsə idi. Sinifdə qaldığım üçün Ədalətdən ayrı düşdüm. Məktəbi bitirən il dəhlizdə gedirdim. Abbasqulu müəllimlə qarşılaşdıq. Dedi dərsini bitirmisənsə, keçək sinifdə ifa et dinləyim. Keçdim sinfə, başladım ifa etməyə. Bir də gördüm eynəyini çıxarıb gözlərinin yaşını silir. İfanı bitirəndən sonra ayağa qalxıb qucaqladı məni. Dedi ölüb gedəcəyəm. Səni iki il geri atdım. Mənə halallıq ver...
50-dən çox ölkədə qastrolda
1966-cı ildə görkəmli tarzən Həbib Bayramov 16 yaşlı Fəxrəddin Dadaşovu Dövlət Radio və Televiziya Komitəsinin Xalq çalğı alətləri ansamblına gətirir.
– Həbib müəllimin üzərimdə əziyyəti çox olub. Ruhu qarşısında baş əyirəm. Çünki
Həbib müəllim olmasaydı, mən bu yerə gəlib çatmazdım. Yeddi il Əhməd Bakıxanovla birgə çalışdım. Böyük məktəb idi. Evlərində məşq edirdik. O, mənə hələ gənc yaşlarımdan ansamblda solo ifalar verirdi.
Fəxrəddin Dadaşov kamançada Xan Şuşinski, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, İslam Rzayev, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova kimi görkəmli sənətkarları müşayiət edib, çoxsaylı qastrollarda olub.
– İlk dəfə 1969-cu ildə Həbib müəllim Portuqaliyaya qastrol səfərinə aparıb məni. 19 yaşım var idi. Dünyanın 4 qitəsinin 50-dən artıq ölkəsində qastrol səfərlərində olmuşam. Mötəbər salonlarda və məşhur festivallarda iştirak etmişəm. Elə ölkə var ki, 4-5 dəfə olmuşam. 1990-cı ildə Fransanın “Maison des Cultures du Monde” mərkəzi tərəfindən Mərakeşdə hazırlanan “Rihla” beynəlxalq musiqi tamaşasında iştirak etmişəm. İfam bir sıra val və disklərdə əksini tapıb. Fransada nəşr olunan “Azərbaycan muğamı antologiyası”, Niderlandın “PAN Records” şirkəti tərəfindən buraxılan “Azərbaycan musiqisi antologiyası” silsiləsində bir sıra kompakt-disk (CD), həmçinin bu formatda “Rast” ilk tam həcmli muğam dəsgahının yazısı və s. layihələri misal gətirə bilərəm. İsveçrə, Almaniya, Rusiya, Belçika, Tacikistan, Hollandiya və bir çox başqa ölkələrin radio arxivlərində mənim ifamda Azərbaycan musiqisi nümunələri saxlanılır. Ən son səfərim 3 il əvvəl Argentinaya olub.
Bilirsiniz ki, Həbib müəllimdən sonra ansambla Xalq artisti Möhlət Müslümov rəhbərlik edir. 1989-cu ildən Möhlət müəllimlə birlikdə Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü yaratdıq. Mən, Möhlət Müslümov və xanəndə Zahid Quliyev. Bu üçlüklə dünyanın bir sıra şəhərlərində muğam sənətimizi təbliğ etmişik. Səkinə İsmayılova, Ağaxan Abdullayev, Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Qəndab Quliyeva kimi sənətkarlarla səfərlərdə olduq. Kanadada bizim 30 saniyəlik ifamızı yazıb kosmosa da göndəriblər.
Yarıməsrlik pedaqoji fəaliyyət
Taleyindən məmnun olan sənətkar Tanrının ona həmişə yol açdığını deyir.
– Çox çətinliklər çəkmişəm, ailəmiz böyük olub. Onları təkbaşına dolandırmaq atam üçün çətin idi. Allah qismət elədi, 16 yaşından qazancım oldu, ailəmizə kömək edə bildim. İlk əmək kitabçam isə 20 yaşımda olanda açıldı. 13 nömrəli Musiqi məktəbinin direktoru, tar müəllimi Tofiq Quliyev məni dəvət etdi, başladım kamançadan dərs deməyə. O vaxtdan bu günə düz 50 ildir alətin sirlərini öyrədirəm. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda dərs deməyə başladım, 2017-ci ilədək. 1987-ci ildə Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərov konservatoriyada (indiki BMA) muğam sinfi açdı və məni də ora dəvət etdi. Bu gün tələbələrim arasında əməkdar artistlər, beynəlxalq müsabiqələr laureatı olanlar var. Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, Əliağa Sədiyev və İmamyar Həsənov tələbələrim sırasında olublar.
Fəxrəddin müəllim bu gün gənclər arasında savadlı və istedadlı kamança ifaçılarının olduğundan qürurla danışır. Elnur Mikayılov, Elnur Əhmədov, Mehri Əsədullayeva və digərlərinin adını çəkir. Deyir biz yaşlı nəsil onlara hər zaman dəstək olmalıyıq. Gələcəyimiz, musiqimizin sabahıdır bu gənclər. Biz onlarla fəxr etməliyik.
Həmsöhbətim gənclik dövründə ehtiyat etdiyi tarzənləri də yad edir.
– İki nəfərdən konsertdə və toy şənliyində həmişə ehtiyat etmişəm: Bəhram Mansurov və Hacı Məmmədov. Hacı ifa edəndə deyirdi mən nə ifa edirəmsə, onu dəqiqliklə ver. Bəhram müəllim də bədahətən elə rənglər ifa edərdi ki, tapmaq, tutmaq çətin olurdu. Məmmədağa Muradov, Əhsən Dadaşov kimi tarzənlərlə bir çalışmışam. Məmmədağa kimi müşayiət edən yox idi. Çox gözəl sənətkar idi. Əliağa Quliyev, Sərvər İbrahimov və digərləri musiqi sənətimizin unudulmaz adlarıdır.
Pedaqoq kimi kamança alətinin bugünkü tədrisi ilə bağlı fikirlərini bölüşən yubilyar bildirdi ki, kamança ifaçılarını dinləyəndə eynilik hiss olunur: “Əvvəl kamança ifası eşidiləndə bilirdin ki, bu Habil Əliyevdir, bu Tələt Bakıxanov, bu Elman Bədəlov, Şəfiqə Eyvazovanın ifa tərzidir. İndi hamısı eyni tembr, eyni xallar, eyni səslənmədə ifa edir. Hərənin öz dəst-xətti, öz yolu olmalıdır. Bundan əlavə, kamançanı violin səsi ilə deyil, öz təbii səsində ifa etmək lazımdır. Müasirləşdirmək olmaz. Bu bizim musiqi tariximizdir və kamançanın öz səsi var. Dərsliklərimizin vəziyyəti pis deyil. Bəzən violin üçün yazılan əsərləri kamança üçün işləyib ifa edirlər. Amma nə qədər əsər işlənsə, fikrimcə, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmovun əsərinə çatmır. Çünki bu əsərlərdə milli ruh var. Milli alətdə milli bəstəkarların əsərlərinin səslənməsi tamam başqa bir aləmdir.
***
Yubileyi ilə bağlı danışan Fəxrəddin müəllim vurğuladı ki, məlum səbəblərdən hələ ki dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulmur. Deyir, sağ olsun dövlətimiz, 60 illik yubileyimi o vaxt Beynəlxalq Muğam Mərkəzində çox gözəl şəkildə keçirmişdilər: “İndi də Azərbaycan Televiziyası yubileyimlə əlaqədar sənədli film çəkir. “Mədəniyyət” kanalının rəhbərliyinin diqqəti sayəsində haqqımda daha bir film ərsəyə gəlib. ARB televiziya kanalı da maraqlı bir film hazırlayıb. İctimai Televiziya 10 dəqiqəlik qısa bir film lentə alıb. Filmlər Milli Konservatoriyada və doğulduğum İçərişəhərdə lentə alınıb. Yazıçı-publisist Seyid Hüseyn nənəmin doğma xalası oğlu idi. 5-6 yaşım olanda məni onlara aparardı. İçərişəhərdə çəkilişlər zamanı uşaqlıq illərimi də xatırlamışam...”.
***
Ötən ilin dekabr ayında xəstələnən sənətkar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə müalicə olunub. Bugünkü sağlamlığına görə göydə Allaha, yerdə Mehriban xanıma borcluyam deyir.
Fəxrəddin Dadaşovun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə “Əməkdar artist”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Lalə AZƏRİ