Ayda yaşamaq və kosmosda film çəkmək

Yer kürəsində COVİD-19 pandemiyası başlayandan bəri kosmosun fəthi, Aya və müxtəlif planetlərə uçuş layihələri barədə xəbərlərin sayı xüsusilə artıb.

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) sentyabrın 21-də özünün “Artemis” Ay proqramının yenilənmiş planını təqdim edib. NASA-nın rəhbəri Ceyms Braydenstayn planı jurnalistlər üçün telefon brifinqində açıqlayıb.

Yenilənmiş plana əsasən, proqramın birinci mərhələsi (Artemis 1) 2021-ci ilə, ikinci mərhələsi (Artemis 2) 2023-cü ilə nəzərdə tutulur. Üçüncü mərhələ –  insanın Aya enməsi (Artemis 3) isə əvvəlcə planlaşdırıldığı kimi, 2024-cü ildə reallaşmalıdır. NASA üç mərhələdən ibarət “Artemis” Ay proqramını 2019-cu ilin yazında elan edib. Birinci mərhələdə “Orion” kosmik gəmisi Ay ətrafında pilotsuz uçuş həyata keçirməli və Yerə qayıtmalıdır. İkinci mərhələdə kosmik gəmi Yerin təbii peyki ətrafında ekipajla dövrə vuracaq.

Birinci və ikinci mərhələ əvvəlcə 2020-ci ilin sonuna və 2022-ci ilə planlaşdırılmışdı. Planın yenilənməsi SLS daşıyıcı raketinin hazırlanmasının pandemiya səbəbindən ləngiməsi ilə izah olunur.

NASA, həmçinin gələcək planlarının reallaşması üçün xarici dövlətlərdə və Amerikada fəaliyyət göstərən özəl şirkətlərlə də əməkdaşlıq etmək niyyətindədir.

“Kosmosun tədqiqatı komanda idman növüdür. Kainat böyükdür və bizim komandada bütün oyunçulara yer çatar. Yalnız birgə fəaliyyət göstərməklə böyük nailiyyət əldə edə bilərik”, – deyə NASA rəhbərinin idarəolunan proqramlar üzrə yeni müavini Keti Liders bildirib.

Bu arada kosmosun fəthində aparıcı mövqelərini saxlayan Rusiyadan da təzə xəbər var.

Rusiya Televiziyasının Birinci kanalı və “Yellow, Black and White” studiyası kosmosda ilk bədii filmi çəkmək niyyətini elan edib. Xəbərlərə görə, filmin baş qəhrəmanı Beynəlxalq kosmik stansiyaya 2021-ci ildə “Soyuz MS” gəmisində göndəriləcək. Filmin işçi adı “Çağırış”dır. Baş qəhrəman və onun dublyoru açıq müsabiqə nəticəsində müəyyən ediləcək.