Bu, ötən illə müqayisədə 55,5 faiz çoxdur
   
   Bütün şüurlu həyatını öz millətinin xoşbəxtliyinə həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı, Azərbaycan musiqişünaslarına da çox böyük qayğı və ehtiram göstərib.
   Təkcə onu demək kifayətdir ki, dövlət müstəqilliyimizin ilk illərində, bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən Heydər Əliyev yaradıcı ziyalıların, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirirdi.
   

Həmin dövrlərdə bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişaf etdirilməsi ilə əlaqədar da çox mühüm dövlət qərarları verilirdi. Bu qərarlar əsas tutularaq, hazırda muxtar respublikada turizmin inkişaf amilləri yüksək qiymətləndirilir, böyük işlər görülür və görülməkdədir.
   Dünya iqtisadiyyatında ən gəlirli sahələrdən birinə çevrilən turizm Naxçıvanda olduqca böyük potensiala malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafındakı tərəqqi, ekoloji cəhətdən təmiz iqlimi, mədəni və tarixi abidələrlə zənginliyi bura gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. 2008-ci ildə Naxçıvana turist kimi gələnlərin sayı 219 min 118 nəfər olmuşdur ki, bu da 2007-ci illə müqayisədə 55,5 faiz çoxdur.
   Naxçıvan Muxtar Respublikasının zəngin təbii və maddi-mədəni sərvətləri turizmin inkişafına geniş üfüqlər açır. Sosial, iqtisadi və mədəni tədbirləri özündə cəmləşdirən turizm həmçinin beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə də xidmət edir.
   
   Turizmin inkişafında xalq musiqisinin rolu böyükdür
   
   Onu da qeyd etmək yerinə düşərdi ki, turizmlə mədəniyyət bir-biri ilə sıx əlaqəlidir. Eyni zamanda turizmlə mədəniyyətin özünəməxsus yaxınlıqları var. Çünki turizm qonaqların yerli mədəniyyətə qarşı göstərdikləri səmimi marağın münasib formada ödənilməsidir.
   Uzun əsrlərdən bəri ölkələri gəzib dolaşmış səyyahlar şəhərlərin ümumi simasını və ayrı-ayrı memarlıq abidələrini seyr edərkən onları meydana gətirən bənzərsiz mədəniyyətlərlə təmasda olmuş, eyni cəhəti folklor və etnoqrafiya, adət və ənənələr üzrə də öyrənməyə səy göstərmişlər.
   İnsanların mənəvi-psixoloji aləmini anlamaqda musiqinin əvəzsiz rolu var. Xalqın musiqisi onun qəlbinin tərcümanıdır, tarixi mədəniyyətinin ayrılmaz parçasıdır. Qonaqlar üçün yeni və qeyri- adi olan musiqi təəssüratları isə təbii olaraq bir çox maraqlar doğura bilər.
   Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalq musiqisinin ümumi mənzərəsi kifayət qədər zəngin və özünəməxsusdur. Burada muğamat, aşıq sənəti, xalq mahnı və rəqs yaradıcılığı dərin tarixi köklərə malikdir. Hətta digər bölgələrdə çox da yayılmamış mərasim folkloru və xüsusilə də yallı rəqsləri, bəzi qədim adətlər (tulum zurnası, yan tütəyi və s.) bu və ya digər dərəcədə yaşadılmaqdadır.
   Zənnimizcə, turistlərə ilk növbədə bu diyarın qədim tarixi, əzəli və əbədi Azərbaycan türk torpaqları olmasını və zəngin mədəniyyətini parlaq bir şəkildə çatdırmaq lazımdır. Azərbaycan xalq musiqisinin qədim kökləri, tarixi inkişafı və məhəlli üslubları, o cümlədən Naxçıvanın özünəməxsus "Musiqi dialekti" etnomusiqişünaslarımızı düşündürən ən vacib məsələlərdəndir.
   Beləliklə, musiqişünaslar tədqiqat, turizm işçiləri isə təbliğat sahəsində çalışmaqla faydalı əməkdaşlıq edə bilərlər.
   İşin təşkili ilə əlaqədar bəzi mülahizələrimi də bildirmək istərdim. Musiqi turizm fəaliyyətində birinci dərəcəli vasitə olmasa da, bu sahədə gözəl nəticələrin əldə olunmasında çox önəmli rol oynaya bilər. Musiqi ifalarını janr və məzmunundan asılı olaraq turist bazarlarında, muzeylərdə, adi kənd mühitində və ya təbiət guşəsində təşkil etmək olar. Bunun üçün müxtəlif məqamlardan-istirahət saatlarından, nahar və ya şam yeməyi vaxtından, muzey ekskursiyalarından istifadə etmək mümkündür. Nisbətən böyük musiqi və rəqs ansamblları və nadir alətləri nümayiş etdirən video-yazılar və filmlər də köməyə gələ bilər.
   
   Çoban və tulum çalğısına oynayan turist...
   
   Öz növbəsində turist marağı da bəzi arxaik janrların və alətlərin dirçəldilməsində bir amil kimi diqqətə layiqdir. Belə ki, bu gün tulum zurnası Naxçıvan MR-in müəyyən kəndlərində çox az sayda qorunub saxlanılıb, onun tətbiq sahəsi də xeyli daralıb. Lakin bir anlığa təsəvvür edin ki, çarıq, kürk, qoyun dərisindən papaq geyinmiş bir çobanın tulum çalğısına hələ oynayan turist də tapılır. Eyni zamanda turistlər qatıq, ayran və başqa nemətlərdən dada bilsələr, onların xatirələrindən silinməyəcək gözəl səhnələr yaranar.
   Bu xəyalların gerçəkləşdirilməsi üçün bir o qədər də vəsait tələb olunmur. Tulum, yan tütəyi və ya saz turistlərin həqiqətən rəğbətini qazana bilərsə, həmin alətlərin və müvafiq janrların yaşadılmasına da yaxşı imkanlar açılar.
   Ümumiyyətlə, musiqi nümunələrini səsləndirməkdən başqa, onların məzmun və mahiyyətindən də bəhs etmək yerinə düşərdi. Məsələn, muğamatın fəlsəfi ideyalar aləmindən söz açmaq, saz havalarının epik qəhrəmanlıq xislətini anlatmaq turistlərin marağını daha da artırmış olar.
   
   Hafiz Hüseynov,
   Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və turizm
   kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar