Mədəniyyət Nazirliyinin tabeliyindəki Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları hər il olduğu kimi, bu il də yüksək nəticələr göstərərək ali məktəblərə daxil olublar. Pandemiya dövrünün çətinliklərinə rəğmən şagirdlər müəyyən olunmuş proqram üzrə tələbləri layiqincə yerinə yetiriblər.
Məzunlardan Murad Allahverdili, Jalə Quliyeva, Nigar Rəhimova, Fidan Həsənova, Özləm Əliyeva, Kənan Namazov, Şəlalə Əsədli kimi istedadlı şagirdlər məktəbə ilk qədəm qoyduğu dövrdən etibarən öz fəallığı, fitri istedadı, hesabat konsertlərində parlaq çıxışları, respublika və beynəlxalq müsabiqə və festivallarda qazandığı nailiyyətlərlə təhsil ocağının adını uca tutublar.
Qəbul imtahanlarında yüksək nəticə göstərmiş Murad Allahverdili klarnet, Fidan Həsənova violin, Jalə Quliyeva xor dirijorluğu, Nigar Rəhimova vokal, Özləm Əliyeva nəzəriyyə ixtisasları üzrə Bakı Musiqi Akademiyasına daxil olublar. Kənan Namazov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri şöbəsinə, Şəlalə Əsədli isə Bakı Musiqi Kollecinə qəbul olunub.