Bunu Ümumdünya Turizm Təşkilatı bəyan edir
  
   Qadın və cəmiyyət... Bunlar bir-biri ilə ayrılmaz məfhumlardır. Bu gün qadınlar həyatın bütün sahələrində mühüm yer tutur desək, yanılmarıq. Bu fakt müasir zamanda iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilən turizmdə də özünü qabarıq göstərir. Bəzi turizm mütəxəssislərinin fikrincə, elə ilk səyyahlar da qadınla kişi olub. Belə ki, babamız Adəm və nənəmiz Həvva cənnətdən uzaqlaşdırıldıqdan sonra yaşayış üçün əlverişli məkan tapmaq məqsədilə bir yerdən başqa yerə köç ediblər. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və idarə edilməsi kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun dediyinə görə, qadınların səyahətlər və turizm tarixində rolu danılmazdır: «Bugünkü həyatımıza baxsaq, görərik ki, turizm sənayesində çalışanların böyük əksəriyyətini qadınlar təşkil edir. Bu baxımdan etiraf etmək lazımdır ki, turizm və qadınlar mövzusu çox aktualdır. Təsəvvür edin ki, Ümumdünya Turizm Təşkilatının son hesablamalarına görə, ildə turizm sənayesində 220 milyon insan çalışır ki, bunun da əksəriyyətini - təxminən 70 faizini qadınlar təşkil edir. İstirahət mərkəzlərində, mehmanxanalarda, müxtəlif xidmət sektorlarında, o cümlədən turizm şirkətlərində çalışanların çoxu qadınlardır».
   Bahadur müəllim onu da bildirdi ki, təkcə turizm sənayesində deyil, ümumiyyətlə, istehsalatın bütün sahələrində qadınların rolu danılmazdır.   

   F.ABDULLAYEVA