Azərbaycanın mövcud turizm potensialından səmərəli istifadə təkcə xarici şirkətlərin deyil, həm də yerli turizm qurumlarının diqqətindədir. Bu baxımdan «Gilan Turizm» MMC də öz fəallığı ilə diqqəti cəlb edir. Belə ki, adıçəkilən cəmiyyət ölkəmizin bir sıra bölgələrində, o cümlədən Qəbələ rayonunda yeni turizm və istirahət kompleksləri açmaqla Azərbaycanda turizmin inkişafında yaxından iştirak edir. Qurum turizm xidmətlərinin, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin gücləndirilməsi, turizm marşrutlarının genişləndirilməsi, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi sahəsində fəaliyyətini getdikcə artırır.
   «Gilan Turizm» eyni zamanda nəzarətində olan turizm obyektlərində turistlərin istirahəti, onların tələbatlarının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsini və müasir standartlara uyğunlaşdırılmasını təmin edir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun aparıcı məsləhətçisi İlahə Hacıyevanın qəzetimizə verdiyi məlumata görə, bu baxımdan MMC tərəfindən düzənlənən daha bir tədbir martın 14-15-də keçiriləcək. Qurum Qəbələ bölgəsinin turizm potensialının tanıdılması məqsədilə adıçəkilən rayona infotur təşkil edib.
   Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən KİV nümayəndələri və Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin əməkdaşları da yaxından iştirak edəcək.