Musiqi mədəniyyəti xəzinəmizi əsərləri ilə gözəlləşdirən sənətkarlardan biri də ustad bəstəkar, pedaqoq və musiqişünas, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq olub. Yaradıcılığında uşaq musiqisi əhəmiyyətli yer tutan görkəmli sənətkar balacalar üçün bir-birindən gözəl əsərlər yazıb. Bu il bəstəkarın anadan olmasının 80 illiyidir.

Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) 13 oktyabr 1940-cı ildə Bakıda dünyaya göz açıb. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailələrində musiqiçi olmasa da, onda sənətə maraq erkən çağlardan yaranıb. Xalasının həyat yoldaşı, tanınmış maarif xadimi Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub. Onlar Qori Müəllimlər Seminariyasında bir yerdə oxuyublar. Cavad bəy bir gün Rəşidi Üzeyir Hacıbəylinin yanına aparır. Bəstəkar onun musiqi duyumunu yoxlayır və razılıq edir. Bu görüşdən sonra Rəşiddə özünə inam artır. İki il bəstəkar Midhəd Əhmədovdan sənətin sirlərini öyrənir. Paralel olaraq violençel sinfində də təhsil alır.

Rəşid sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyev və Qara Qarayevin sinfində davam etdirir. O, hələ məktəbli ikən paytaxtın 190 saylı orta məktəbində məktəbli filarmoniyası yaradılır və onun nəzdində uşaq opera studiyası təşkil edilir. Rəşid “Tülkü həccə gedir” komik-alleqorik opera-nağılını da o vaxt yazır. Əsər balaca aktyorların ifasında böyük uğur qazanır. Onu da qeyd edək ki, 1960–70-ci illərdə respublikamızda təşkil olunan bir çox mədəni-kütləvi tədbirlər üçün gənc bəstəkar birləşmiş xor repertuarı işləyirdi. R.Şəfəq həmçinin 1920–70-ci illərdə bir sıra bəstəkarların uşaq mahnılarının müəyyən qismini xor üçün hazırlamışdı. “Beynəlxalq uşaq ili” (1979) münasibətilə “Göyərçinik biz” adlı mahnılar toplusunu da çap etdirmişdi.

1986-cı ildə R.Şəfəqin uşaqlar və yeniyetmələr üçün “Məktəblinin musiqi aləmi” adlı kitabı işıq üzü görür. Kitaba ön sözü böyük bəstəkar Fikrət Əmirov yazmışdı. İki il sonra xor almanaxı şəklində müəllifin “Məktəbli mahnıları” adlı yeni əsəri çap olunur. Bu xor məcmuəsi isə tanınmış bəstəkar D.B.Kabalevskinin ön söz ilə işıq üzü görmüşdü. Bəstəkarın əsərləri keçmiş SSRİ-nin musiqi nəşrlərində dərc olunurdu. O, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə dahi bəstəkarın “Ey Vətən” mahnısını qadın xoru üçün işləyir. Bir müddət sonra R.Şəfəq şair V.Dubrovinlə mətni rus dilinə tərcümə edir. Əsər “Sovetskaya muzıka” və “Muzıkalnaya jizn” jurnallarında dərc olunur.

R.Şəfəq 80-ci illərdə tanınmış rus şairi S.Marşakın poemaları əsasında “Səfeh siçan balası”, “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək maraqlı uşaq operaları yaradır. Həmçinin bəstəkarın Moskvada nəşr olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, “Cəngavərlər” vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılır. Bu əsərlər eyni zamanda SSRİ-nin Mərkəzi Teleradiosunun uşaq xorunun, keçmiş sovet respublikalarının, eləcə də Türkiyə, Bolqarıstan, Almaniya və s. ölkələrin uşaq xor kollektivlərinin repertuarında özünə layiqli yer tutur.

Bəstəkarın mahnıları “Qaya” vokal kvarteti, “Sevil” vokal instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya efirində səsləndirilib. Uşaq xor kollektivlərinin, o cümlədən AzTV-nin “Bənövşə” uşaq xorunun, “Qız qalası” uşaq xor kapellasının, “Mələklər”, “Bəri bax” vokal ansambllarının ifasında təqdim olunub və musiqisevərlərin rəğbətini qazanıb. Onun nəğmələri bu gün də tez-tez səsləndirilir, insanların könlünü oxşayır.

Çoxşaxəli yaradıcılığa malik olan bəstəkarın uşaqlar üçün yazdığı əsərlər hər zaman Balacaların diqqətini cəlb edir. Bu sırada müəllifin “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyası, “Tülkü, tülkü, tünbəki” komik folklor nağıl-operasını, “Bayquşların söhbəti” uşaq nağıl-operasını, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən “Balaca Elnurun musiqi albomu”, “Cəngavərlər”, “Anamın bayramı” vokal-xor silsilələri, “Azərbaycan avazları” və s. əsərlərini göstərmək olar.

Uzun illər Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestrinin rəhbəri olan bəstəkarın musiqi mədəniyyəti xəzinəmizə dəyərli töhfələri yüksək qiymətləndirilib. O, 1998-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Görkəmli sənətkar 24 avqust 2017-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV