«Zəngəzur» romanı Ermənistanda niyə qadağan edilmişdi?
      
   Ədəbi yaradıcılığa şeirlə başlayan, uzun müddət publisistika ilə məşğul olan, uşaqlar üçün maraqlı əsərlər yazan Əyyub Abbasov adlı yazıçımız olub. Ədəbiyyat tariximizə “Zəngəzur” adlı ikicildlik roman bəxş edib. Ötən əsrin ortalarında vəfat edən Əyyub Abbasov haqqında, təəssüf ki, bugünkü nəslin geniş məlumatı yoxdur.
   Uzun müddət idi ki, bu yazıçı barədə düşünürdüm. Bu narahatlıq məni onun ədəbi irsini daha dərindən öyrənməyə vadar etdi. Vaxtilə Əyyub Abbasov haqqında yazılmış materialları, məqalələri oxudum. Yazıçılar Birliyindəki şəxsi işi ilə tanış oldum. Cəmi 52 il ömür sürmüş yazıçının həyatı çox kəşməkəşli olub. Erməni-müsəlman toqquşmasının ən tufanlı çağında - 1905-ci ildə Zəngəzur mahalının Şəki kəndində anadan olub. Valideynlərini, bacı-qardaşlarını, bütövlükdə nəsillərini bu davada itirib. Bir müddət Naxçıvanda xeyirxah insanların himayəsində yaşayıb, oxuyub və sonradan taleyini Bakıya, onun ədəbi mühitinə bağlayıb. Yarım əsrlik bir ömürdə hansı müsibətləri görməyib? Lap kiçik yaşlarından gəncliyinə kimi Zəngəzurda törədilən faciələrin şahidi olub. 1937-ci ilin qovğasını görüb. İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub.
   Əyyub Abbasovun “Zəngəzur” romanının I cildi 1956-ci ildə, II cildi 1957-ci ildə çap olunub. Elə həmin ilin dekabrında ədib vəfat edib. Onu tanıyan həmkarları ilə söhbət edərkən Əyyub Abbasovun ölümü ilə maraqlandım. “İşə gedərkən qəflətən ürəktutmasından keçinib” - dedilər. Ölümün müəmmalı olması duyulurdu. Çünki həmin illərdə xalqlar dostluğunun “carçısı” olan bəzi yazıçıların Əyyub Abbasovla bağlı şikayət məktublarını da oxumuşdum. O yazılarda bildirilirdi ki, Əyyub Abbasov erməni-azərbaycanlı dostluğuna kölgə salır...
   Xəyalım yenidən Zəngəzura qanadlandı. Yadıma uşaq vaxtı evimizdə - daha doğrusu, anbar kimi istifadə etdiyimiz otaqda yerləşən qutunun içində gördüyüm bir neçə kitab düşdü. Onların arasında Əyyub Abbasovun “Zəngəzur” romanı da var idi. Uşaq marağı ilə onu oxuyarkən kitabxanaçı bacımdan xəbər aldım ki, niyə bu kitablar rəfə qoyulmayıb, qutuya atılıb? Qəribə bir cavab verdi ki, heç mən də bilmirəm. Ermənistanda bu kitabı bütün kitabxanaların fondundan çıxarmışdılar. O dövrün qanununa görə, fonddan çıxarılan kitablar akt tərtib olunaraq yandırılmalı idi. Bacım isə gizlicə onları evə gətirmişdi.
   Universitetdə oxuyanda mərhum ədəbiyyatşünas alim Qulu Xəlilov bizə XX əsr Azərbaycan ədəbiyyatından dərs deyirdi. Azərbaycan romanının inkişaf tarixindən söz açan zaman Əyyub Abbasovun “Zəngəzur” romanından da ətraflı danışmış, bu əsərdə erməni və Azərbaycan xalqlarının dostluğunun geniş, epik lövhələrlə təsvir edildiyini vurğulamışdı.
   Bəs onda niyə bu kitab Ermənistanda kitabxanalardan yığışdırılmışdı? O vaxtdan məni düşündürən bu suallara cavab tapmağa çalışırdım. “Zəngəzur”u təkrar oxudum. Bir daha bəzi qaranlıq mətləblər mənim üçün aydınlaşdı.
   Erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar “Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb. Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin “haradan qaynaqlandığını” ustalıqla qələmə alıb.
   “Zəngəzur”un qiymətli cəhətlərindən biri də budur ki, müəllif bu bölgədə baş vermiş hadisələrin şahidi kimi məhz öz başına gələnləri oxucuya danışır. Müəllif daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib.
   Andronik öz qoşunu ilə Zəngəzura daxil olmağa hazırlaşanda ermənilərlə görüşür və sonra belə bir qanlı plan qurur: “Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır”. Bu tayqulaq quldurun bircə məqsədi, ideyası olub və bunu da həyasızcasına bəyan edib: “Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır”. Əyyub Abbasov romanda qeyd edir ki, Andronikin cinayət hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin dağıdılmasında ona haqq qazandıran daşnaklar sadə erməniləri, yəni Andronikə tabe olmayanları “siz erməni deyilsiniz, millət xainisiniz, dəstəmizə qoşulmasanız, türklər sizi qıracaq” - deyə hədələyirdilər.
   Andronikin Zəngəzurda törətdiyi faciələri Əyyub Abbasov gözləri ilə gördüyündən o müsibəti olduğu kimi qələmə alıb: “1919-cu ilin yazıdır. Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər istina olmaqla, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Onların əkməyə torpaqları, yeməyə çörəkləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün deyildi”.
   Talesizliyə bax ki, tarix təkrar olunub. Demək olar ki, məzmun eynidir, dəyişən formadır. Ötən əsrin əvvəllərində törədilən vəhşiliklər həmin əsrin sonlarında eyni dəhşəti ilə təkrarlandı. “Zəngəzur” romanını yenidən vərəqləyirəm. Erməni generalı Karo Hamparsumyanın bəyanatından sətirlər: “Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Planımız belədir ki, tezliklə Qarabağa girək. Vediyə, onun ətrafındakı kəndlərə yaxşı divan tutmuşuq. İndi o kəndlər də erməni qardaşlarımızın əlindədir. Ölən ölüb, sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana qaçıb».
   «Zəngəzur» romanı çapdan çıxdıqdan sonra ədəbi ictimaiyyətdə böyük maraq doğurmuşdu. Xüsusilə erməni-müsəlman toqquşmasında daşnakların xalqımızın başına gətirdiyi zülmləri görən insanlar əsəri rəğbətlə qarşılamışdılar. Qəribədir ki, Bakıda çıxan «Qrakan Adrbecan» (ermənicə «Ədəbi Azərbaycan») jurnalında (Ermənistanda isə Azərbaycan dilində belə bir jurnal nəşr edilmirdi - F.X.) A.Balayan adlı birisi bu əsəri tərifləyərək onu «Xalqlar dostluğu haqqında roman» adlandırmışdı. Amma yazısının heç bir yerində qeyd etməmişdi ki, müəllif azərbaycanlılara qan udduran Andronikin vəhşi simasını necə bacarıqla təsvir edib. Halbuki bu əsərdən danışanda tayqulaq «dığa»nun qanlı obrazını görməmək qeyri-mümkün idi və ona görə də «Zəngəzur» romanı Ermənistanda kitabxanalardan yoxa çıxarılmışdı.
   Bakıda isə əksinə, vazgenlərin, ohanyanların, kaputikyanların, tumanyanların kitablarını böyük məmnuniyyətlə çap edirdilər. Tarix boyu ermənilər bizim unutqanlığımızdan öz məqsədləri üçün istifadə ediblər. Doğrudur, ötən əsrin ortalarında Azərbaycan mətbuatında «Zəngəzur» haqqında müsbət məqalələr dərc olunub. Amma nədənsə bir kimsə bu kitabın Ermənistanda yaratdığı əks-səda ilə maraqlanmayıb. Kitabı təhlilə çəkən tənqidçilərimiz də əsasən iki xalqın dostluğundan, sadə ermənilərin mehribanlığından, sədaqətindən söz açıblar. Əsas mövzunun üstündən sükutla keçiblər.
   Təbii ki, o dövrün qanun-qaydaları elə idi ki, «Zəngəzur»un sovet boyunduruğundan salamat çıxması üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək hər bir yazıçının vəzifəsidir, mənəvi borcudur. Bu mənada Əyyub Abbasov bütün xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, fəsada, cinayətə təhrik edən birinci növbədə elə öz xalqının düşmənidir. Yazıçı fakt və dəlillərlə, eləcə də öz gözləri ilə gördüyü hadisələrin köməyi ilə daşnakların məkrli siyasətlərini sərrast qamçılayaraq, onların rəhbərlərinin rəzil portretlərini realist lövhələrlə təqdim edib.
   Yenə də romanı vərəqləyək. Orada bir obrazın dili ilə səslənən sözlərə fikir verək: “Sözümün canı bundadır ki, gərək Şimal tərəfdən üstümüzə axıb gələn selin qabağını alaq! Bəli, bulanıq selin...”
   Çox incə siyasətlə qələmə alınan bu sözlərlə yazıçı hansı mətləbləri pıçıldayırdı, indi məlumdur. Təəssüf ki, o bəlanın qarşısı alınmadı. Bunun da hesabına bolşevik bayrağı altında Zəngəzurda talanlar başlandı. Və o talanların da nəticəsində Zəngəzur ermənilərin pəncəsinə keçdi.
   Kitabda belə bir haşiyə var: “İndi bizim yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpızlar baş qaldırıb. Eh, görəsən, mənim ev-eşiyim hansı zalıma qismət oldu? Görəsən, qızılgüllərimi qırıb tələf etmədilər ki? Biz kəndə qayıtsaq, ermənilər hər kəsin evini, torpağını özünə verəcəklərmi? ...Andronik kökümüzün üstündə od qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə eləmişdik? Niyə məxluqu yerindən, yurdundan elədilər?!”
   Mərhum tənqidçi Məsud Əlioğlu yazırdı ki, romanda təsvir olunan Zəngəzur coğrafi mövqeyi, ərazi etibarilə Azərbaycanla Ermənistanın birləşdiyi yerdə yerləşir. Bura bir növ dağlar ölkəsidir. Sıldırım qayaları, yaşıl yamacları, zəngin təbii füsunkarlığı ilə fərqlənən bu yerdə yaşayan əhalinin təbiəti də öz gözəlliyi ilə seçilir. Hayıf ki, o gözəl təbiətli insanlar o dilbər guşələri bir daha itirdilər. Bais təkcə ermənilərin rəzilliyi, məkrli siyasəti deyildi. Onların at oynatmağına meydan verən, iman yaradan səbəblərdən ən əsası bəlkə də bizim unutqanlığımız, həddən artıq humanist, böyük ürək sahibi olmağımız, bir sözlə, ilanı quzu donunda görməyimizdir. Bütün bunlardan sonra başımıza gələnlər bizə dərs olacaqmı? Yoxsa yenə də 50 ildən sonra “Zəngəzur” kimi əsərləri oxuyub özümüzü ittihama çəkəcəyik?
   Cəmi 52 il yaşamış bu unudulmaz yazıçının öz xalqına bir növ vəsiyyəti olan “Zəngəzur” romanında erməni quldur dəstələrinin azərbaycanlıların başına açdıqları qırğınlar bütün dəhşətləri ilə əks olunub. Təəssüf ki, bu əsər çoxdan çap edildiyindən onu gənc nəsil əldə edib oxuya bilmir. Kitabın latın qrafikası ilə çapına həqiqətən ehtiyac var. Hər şeydən əvvəl ona görə ki, o kitabda tariximizin izləri yaşayır.
   
   Flora Xəlilzadə