Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpaqlarının azad edilməsi uğrunda apardığı müqəddəs savaş hər bir azərbaycanlının qəlbini fəxarət hissi ilə doldurur. Rəşadətli Ordumuzun 27 sentyabrdan başlayaraq qazandığı nailiyyətlər, yazmağa başladığı zəfər şərqiləri dilimizin əzbərinə çevrilib.
Hamımızın az qala əzbər bildiyi “Cənab leytenant” mahnısı bu dəfə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı yetirməsi Selcanın səs-avazında qəhrəman oğullarımıza ərməğan edilir.
Sözləri və musiqisi Şahin Musaoğluna, aranjimanı Vasif Arifoğluna (Adıgözəlov) məxsus mahnı və ona çəkilən klipdə (rejissorlar Səidə Haqverdiyeva, Tofiq Teymuroğlu, operator Seymur Məmmədov) torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman oğullarımız, son günlər ordumuzun əldə etdiyi nailiyyətlər öz əksini tapıb.
Klip teatrın uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə yönələn fəaliyyətinin bir istiqamətidir. Bu mövzuda növbəti mahnı və klip də qısa zamanda musiqisevərlərə təqdim olunacaq.
Onu da qeyd edək ki, “Düşmən təxribatının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını layiqincə həyata keçirən Ordumuz qürur yerimizdir” fikrini şüar edən teatr kollektivi bu günlərdə həmrəylik göstərərək Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait də köçürüb.
Sənət ocağının kollektivi ərazilərimizin azadlığı uğrunda birlik və həmrəyliyin nümayiş edildiyi, cəmiyyətə dəstəyinin zəruri olduğu hazırkı zamanda bir daha şanlı Ordumuza dəstək olduğunu bəyan edir və Vətən müharibəsində böyük Qələbəmizə inandıqlarını bildirir.