Yəqin ki, bu başlıq sizi maraqlandıracaq, hətta bir az qəribə də gələcək. Amma haqqında söz açacağım sənətkar barədə yazmağa başlayanda ağlıma ilk bu gəldi.
Çünki adam ömrü boyu bu dünyaya və dünyalılara, lap elə onun fərqinə varmayıb, unutduğunu hiss etdirəndə də, eşq etirafını eləyib. Elə 85 yaşının tamamında da həmin lada köklənib. Bunu az sonra yazacağım qısa telefon danışığından da biləcəksiniz. İndi keçək xəlqi Məcnunluqdan, həqiqi Məcnunluğa.
Əməkdar artist, görkəmli aktyor Məcnun Hacıbəyovu çoxunuz tanıyırsınız. Onun həlim siması sizlərin də yaddaşına köçüb. Bunu o da bilir, biz də. Artıq sənətdən, səhnədən xeyli uzaq düşüb, illərdi doğma Qubanın İkinci Nügədi kəndində məkan etsə də, tamaşaçıların ona sevgisi və rəğbətinin azalmamağından xoşhaldır.
Kəndə girən kimi Məcnun Hacıbəyovu xəbər aldığın ilk adam səni düz onun qapısınadək ötürür və yolboyu gününü bağ-bağçada əkin-biçinlə keçirən, pürrəngi samovar çayına ətrafını qonaq etməkdən zövq alan və gileydən başqa hər nəsnədən ləzzətlə danışan sənətkarı tərənnüm edir.
Hələ iki il öncə onun qonağı olarkən dediyi sözü indi də unutmuram: “Bu yaşa gəlmişəm və hələ də özüm üçün darıxıram. Yəqin hamıda belədi. Onda niyə camaatın qanını qaraldım axı?!” Bu yaşda, bu səhnə məqamında belə bir məmnuniyyət alqışlanmalıdır, deyilmi?!
80 illik yubileyi münasibətilə etdiyim müsahibəsində də yadımda “Adamı cavan saxlayan saf hisslər, riyadan uzaq ürək, bir də qarşılıq gözləmədən pay verilən sevgidir” sözləri ilə qalmışdı.
Ömrünü bu düşüncə ilə yaşayan və sənət yolunda da bu prinsiplə uzun yol qət edən aktyor oktyabrın 5-də özünün 85 yaşını qeyd etdi.
Zaman üçün az, insan üçün uzun olan bu yolun 85-ci dayanacağında, yuxarıda da qeyd etdiyim kimi, onunla qısa telefon söhbəti etdim. Azacıq düzəlişlərlə dialoq təxmini belə alındı:
– Salam, Məcnun müəllim, maşallah, artıq 85-i də qarşılayırsız...
– Çox sağ ol, qızım. Qarşılayıram, özü də yenə ayaq üstə. Düzdü, bir az azarlamışdım, gördüm yaş günüm gəlir, özümü topladım. Bax indi təkəm, ətrafımda adamlara ehtiyacım var. Amma heç kimdən giley etmirəm. Sağ olsunlar, övladlarım da, tamaşaçılarım da tez-tez yoxlayırlar məni. Əsas adam gərək içində tək olmasın, özü ilə barışsın, özünə qulaq assın.
– Səhnə, sənət həyatı üçün necə, darıxırsınızmı?
– Daha çox özüm, o Məcnun üçün darıxıram. Deməli, elə səhnə üçün də darıxıram, tamaşaçılar üçün də darıxıram. Hə, bir də uşaqlarım üçün darıxıram, narahat oluram. Canım ağrıyan kimi tez deyirəm “Yox, Məcnun, belə eləmə. Sən öləcəksən, uşaqların darıxacaq, ağlayacaqlar”. Nə bilim, bəlkə elə ömrümü uzadan budur. Belə düşünən kimi, vallah, elə bil ağrı da qaçır e. Bəs necə? Adamın əsas ruhu sağlam olsun. Yaş ötdükcə adamı fikir bilirsən haralara aparır? Yaxşı olar, hələ sizin ömrünüz qabaqdadır. Yaxşı şeylər görəcəksiz, bizi də yaxşı xatırlayacaqsız.
– İnşallah, siz də görəcəksiniz. Baxın, şanlı Ordumuz bizi arzuladığımız zəfərə aparır.
– Ay sağ ol, bunu deyəcəkdim. Ay qızım, göz-qulağım televizordadır. Pəh, ürəyim açılır e, hər o xəbərləri eşidəndə. Hiss edirəm, ürəyim lap bərk döyünür. Sonra özümə toxtaqlıq verirəm. Bax hamımızı illərdi bu arzu yaşatdı, yaşa doldurdu. Nəhayət, bu arzumuza da çatırıq. Vallah, adamı arzu yaşadır. Bax mənə, 85-ə çatmışam, 90-ı arzulayıram. Özü də ürəyimi buz kimi saxlayıram. Toxtağam, siz də elə olun...
Çox haqlıdır, həm də sonuna qədər. İstər uzun və dolğun yaradıcılığında, istərsə də özünəməxsus koloriti ilə yaratdığı obrazlarında hər kəsə bu həqiqətini aşılayıb.
Məcnun Hacıbəyov milli teatr səhnəmizin xarakterik obrazlar yarada bilən və ən əsası, arxa plan qəhrəmanlarını bir çox hallarda ön planda ustalıqla nümayiş etdirən ifaçılardandır. Onun qəhrəmanları epizoddan, kütləvi səhnədən də özünü göstərir. Yeganə səbəbi isə onun insan və aktyor təbiiliyi və səmimiyyətidir. Aktyorun obrazlar qalereyasına nəzər salanda görürük ki, onun qəhrəmanları bütün hallarda ikincidərəcəli obrazlar olsalar da, o rolları elə bir kolorit və şirinlikdə oynayır ki, bəzən baş qəhrəman arxa plana keçir. “Əliqulu evlənir”dəki Xəlili, “Ölülər”dəki Mir Bağır ağası, “Sevil”dəki Məmmədəli bəyi, “Bağlardan gələn səslər”dəki Şirin dayısı, “Məhəbbət əfsanəsi”ndəki Ustabaşı, “Quşu uçan budaqlar”dakı Mehdiqulusu, “Falçı”da Keşişi, “Xanuma”dakı Birinci knyazı, “Qılınc və qələm”dəki Sultan Toğrulu, “Unuda bilmirəm”dəki milis mayoru buna əyani sübutdur.
Hər obrazına ayrı bir sevgi ilə yanaşan aktyorun sevimli rolları da var ki, onlardan hər dəfə böyük hərarətlə bəhs edib. “Nişanlı qız”da Mirzə Salman, “Hökmdar və qızı” tamaşasında Naxçıvan xanı, “Göytürklər”də isə Salır xan onun seçkin üçlüyüdür.
Aktyorun sənət yaradıcılığında “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarının xüsusi yeri var. Məhz bu sayədə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edən aktyorun həmin ekran nümunələrindəki monoloqları bu gün də dillər əzbəridir.
Məcnun Hacıbəyovun istər teatr tamaşalarında, istərsə də teletamaşa və filmlərdə oynadığı rolların bir ümumi cəhəti var ki, o da aktyorun təbiiliyidir. O, heç vaxt oynadığı rola süni notlar, ştrixlər artırmayıb. Sadəcə olaraq, obrazı duyub, onun məramını, daxili aləmini, həyatda mövqeyini özündən keçirərək ifadə etməyə çalışıb.
Onun yaratdığı bənzərsiz obrazlar qalereyası haqqında danışarkən istənilən rolda öz improvizələrini etmə istedadı üzərində xüsusilə dayanmaq lazımdır. Sənət dostları, tərəf-müqabilləri onun bu məziyyətindən daim sevgi ilə danışırlar. Onun bu oyun cəhdlərinin tamaşaçılar tərəfindən anında duyulub, qəbul olunduğunu deyirlər.
Ömrünün 50 ilini səhnəyə həsr edən Məcnun Hacıbəyov məhz bu məziyyətləri ilə istər həmkarlarının, istərsə də tamaşaçıların yaddaşında özünə layiqli yer tutub.
Hər məqamda zarafatından qalmayan, ən ağır anında da yumordan, gülüşdən yapışan və özünü dərdin əlindən bu yolla xilas edən qocaman aktyora 85-dən sonrakı yolla da nikbin addımlamağı arzu edirik.
Həmidə NİZAMİQIZI