Oktyabrın 8-də Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadəti keçirilib.
İbadət zamanı “Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid Ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!” fikirləri səslənib.
Azərbaycanda yaşayan aşkenazi yəhudiləri də oktyabrın 8-də Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı Ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər.
Yəhudi həmvətənlərimiz Tanrıdan müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını diləyiblər.
Qeyd edək ki, dini ayinlər pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.
Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb: “Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşada, təmsil edə bilirik. Vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə Ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”.