Dünya ictimaiyyəti Ermənistanın təxribatı və müharibənin niyə başlaması barədə məlumatlandırılır
Çində yaşayan soydaşlarımızın videotəqdimatı
Çində yaşayan və təhsil alan azərbaycanlılar bu ölkənin ictimaiyyətinin Ermənistanın Azərbaycana hərbi təcavüzü və son günlər cəbhədə cərəyan edən hadisələr barədə məlumatlandırılması istiqamətində fəal iş aparırlar. Bu məqsədlə Çin dilində xüsusi video hazırlanaraq ölkənin “Weibo”, “Wechat” və “Douyin” kimi sosial şəbəkələrində və video-platformalarında paylaşılıb. Videoda diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatının gedişində bir sıra yaşayış məntəqələri işğaldan azad edilib. Azərbaycan Ordusunun bütün əməliyyatları ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində aparılır.
Videoda münaqişənin tarixi barədə də məlumat verilib. Bildirilib ki, Ermənistanın ərazi iddiaları ilə başlayan müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisinin 20 faizi işğal olunub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan bu qətnamələri qulaqardına vurur. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyil, tarixi və hüquqi cəhətdən Azərbaycan ərazisidir.
Soydaşlarımız dünya ictimaiyyətini haqq-ədalətin tərəfini tutmağa, Azərbaycana dəstək olmağa çağırıblar.
“Fransanın əsassız iddialarına təəssüflənirik”
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə görüşüb. Səfir son günlər Ermənistanın törətdiyi hərbi təxribatlar barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
Diplomat diqqətə çatdırıb ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edir. Ölkəmiz daim münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük versə də, qarşı tərəfin belə niyyəti olmayıb və daim hərbi təxribatlar törədib.
R.Mustafayev ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğuna baxmayaraq, Fransanın Azərbaycan tərəfindən Dağlıq Qarabağda muzdluların olması ilə bağlı əsassız iddialarına təəssüfləndiyini və bunun heç bir əsasının olmadığını bildirib. Qeyd edib ki, Azərbaycanın güclü ordusu var və kənar qüvvəyə ehtiyacı yoxdur.
İyul ayında Ermənistanın hərbi təxribatından danışan səfir qeyd edib ki, bu gün də Ermənistan ölkəmizin mülki infrastrukturunu, mülki əhalisini hədəfə alıb.
“Baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür”
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin AMİA (Active Middle İnternational Association) qeyri-hökumət təşkilatının üzvlərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırıb. AMİA dünyada baş verən siyasi proseslərlə bağlı araşdırmalar aparır və müvafiq mövzularda seminarlar keçirir.
Onlayn formatda keçirilən görüşdə səfir ötən əsrin 80-ci illərinin sonlarında başlayan münaqişə nəticəsində Ermənistan ordusu tərəfindən ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Səfir bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini intensiv atəşə tutub. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirir. Ermənistanın vəziyyətin gərginləşməsinə xidmət edən təhrikedici əməllərinə görə bütün məsuliyyət onun siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
“Səbəb işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmamasıdır”
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib. Səfir Rəmzi Teymurov Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, hazırda cəbhə bölgəsində yaranmış vəziyyət haqqında məlumat verib.
Münaqişənin tarixindən danışan səfir bildirib ki, bəzi Qərb, o cümlədən bir neçə Cənubi Koreya KİV-də Dağlıq Qarabağın “mübahisəli bölgə” kimi təqdim edilməsi təəssüf doğurur. Çünki beynəlxalq sənədlər Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını təsdiq edir və bunu birmənalı şəkildə pisləyir. “Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi məhz işğal olunmuş ərazi kimi təsbit edilməlidir”, - deyə səfir bildirib.
Diplomat deyib ki, son 30 il ərzində Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar törətməsinin səbəbi beynəlxalq ictimaiyyətin, o cümlədən bəzi ölkələrin neytral mövqe tutması və işğalçı tərəflə işğala məruz qalan tərəfə fərq qoymamasıdır: “Biz Koreya ictimaiyyəti və dövlətindən Azərbaycanı dəstəkləməyi, yaxud bizim ölkənin tərəfinin tutulmasını deyil, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət göstərilməsini gözəyirik”.