Silahlı Qüvvələrə Yardım Fonduna ianələr davam edir

Bu gün hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Cəbhədə  Azərbaycan ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır.

Beynəlxalq Muğam Mərkəzinin kollektivi  şanlı ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Kollektiv sanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır.

BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün hər birimiz qürurlu və eyni zamanda məsuliyyətli günlər yaşayırıq. Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və Silahlı Qüvvələrə əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və ordumuzun yanındayıq. Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir.

***

Milli Xalça Muzeyi də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

Qeyd edək ki, Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Fondun əsasnaməsinə görə, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə yardımı məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.