Osmanlı Sultanı II Mehmetin (Fateh Sultan Mehmet) Londonda keçirilən hərracda satın alınan nadir portreti oktyabrın 6-dan etibarən İstanbulda sərgilənir.
İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib ki, avqust ayında İstanbula gətirilən portretin ziyarətçilər üçün açılması COVİD-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
Xatırladaq ki, Fateh Sultan Mehmetin günümüzədək gələn üç orijinal portretindən biri olan bu rəsm əsəri bu il iyunun 23-də çıxarıldığı hərracda İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 770 min funt-sterlinqə alınıb.
Portretin XV əsrdə italiyalı rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur.
“Sultan II Mehmet mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan “İstanbul sazişi”nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməsi idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.
Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da, onun üç şahzadədən biri olduğu düşünülür.
CAVİD