Ermənistan işğalçı qüvvələrinin Qarabağda havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.
Radar, həmçinin hava hədəflərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.
Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.
Azərbaycan Ordusu tərəfindən işğal altındakı Qubadlı rayonu ərazisində düşmənin “S-300” idarəetmə sistemi məhv edilib. Bu barədə oktyabrın 10-da Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, həmçinin Ermənistan silahlı qüvvələrinin radioelektron mübarizə vasitələrinin bölmələrimiz tərəfindən məhv edilməsinin görüntülərini yayıb.
Müdafiə Nazirliyi düşmənin daha bir zirehli tank bölməsi darmadağın edilməsi barədə görüntüləri də yayımlayıb.
Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.
Müdafiə Nazirliyi həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edib.