Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri BMT-yə, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, NATO, NATO Parlament Assambleyasına, ATƏT-ə, Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, MDB-yə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, UNESCO-ya və UNİCEF-ə müraciət ünvanlayıblar.
Müraciətdə bildirilir ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının vacibliyi açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.
Müraciətdə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı və bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini intensiv atəşə tutması nəticəsində başlanan hərbi əməliyyatlardan bəhs edilir. Qeyd olunur ki, Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri oktyabrın 11-i gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərlə bombalayıb. Ermənistanın atəşkəs rejiminə əməl etməməsi bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Həmçinin diqqətə çatdırılır ki, BMT üzvü olan və 1944-cü ildə “Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası”nı imzalamış bir sıra Avropa ölkələri konvensiyanın şərtlərini kobudcasına pozaraq Ermənistana mülki təyyarələrlə silah daşımağa başlayıblar.
“Ermənistanın bölgə və beynəlxalq təhlükəsizlik mühitini təhdid edən təcavüzkar siyasəti dərhal dayandırılmalı, Azərbaycanın işğal olunmuş ərazilərindən ən qısa zamanda çıxması üçün Ermənistana təzyiq edilməli, hərbi cinayətlərinin qarşısı alınmalıdır”, – deyə müraciətdə vurğulanır.
Müraciəti ictimai-siyasi xadimlər, ölkədə fəaliyyət göstərən partiyalar, yaradıcılıq birliklərinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, tanınmış incəsənət xadimləri, Azərbaycandakı milli və dini icmaların başçıları, media təmsilçiləri – ümumilikdə 140 nəfər imzalayıb.