İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün (9-10 oktyabr) yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 13-dək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını oktyabrın 11-i gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub. 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, onlardan 1 nəfər oktyabrın 12-də vəfat edib.

Raket hücumu zamanı şəhərdəki 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Ermənistanın dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir.

Xarici diplomatlar erməni vəhşiliyinin mənzərəsini öz gözləri ilə görüblər

Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.

Səfərin məqsədi diplomatları erməni vəhşiliyi – Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilərək bildirilib ki, işğalçı ölkə, özlərinin israrlı xahişləri əsasında Moskvada əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini xaincəsinə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə raket zərbələri endirib.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.

Diqqətə çatdırılıb ki, Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Xarici diplomatlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ordusunun vəhşiliyi və vandalizminin şahidi olublar. Düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində tarixi tikililərə də zərər dəyib.

Gəncədəki İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov bildirib ki, Ermənistan Xocalıda törətdiyi soyqırımının oxşarını Gəncədə həyata keçirmək istəyir: “Atılan raketlər məsum uşaqları, qadınları, yaşlıları hədəfə alıb. Son raket zərbəsi nəticəsində 9 dinc sakin həlak oldu, xeyli insan yaralandı, evlərimiz dağıldı”.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Tahir deyib: “Gəncədə çoxlu kilsələr, məscidlər, sinaqoq və dini mərkəzlər var. Ermənistandan atılan raketlərdən biri Gəncədə İslam peyğəmbərinin 5-ci nəvəsinin məzarı yanındakı böyük qədim məscidin yanına düşüb və ona zərər vurub. Bundan başqa, Gəncədə bir əsr yarım yaşı olan pravoslav kilsəsinin də ətrafına raket düşüb və kilsə zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur”.

***

Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncədən Mingəçevir şəhərinə gəliblər.

Diplomatlara məlumat verilib ki, işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 11-də Gəncə ilə yanaşı, gecə saat 4 radələrində cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərini də hədəf alıb, mülki əhalinin sıx yaşadığı məntəqələr raket zərbələri ilə atəşə tutulub. Məqsəd dinc sakinlərlə yanaşı, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub. Raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində baş verə biləcək regional fəlakətin qarşısı alınıb. Ümumiyyətlə, sentyabrın 27-dən bəri düşmən tərəfindən Mingəçevir şəhərinə atılan raketlərin bir neçəsi yaşayış yerlərinə düşüb. Nəticədə dinc sakinlər yaralanıb, eyni zamanda, evlərə külli miqdarda ziyan dəyib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyinə qarşı yönəlmiş növbəti cinayət hadisəsidir.