Birinci yazı
   
   Türkiyənin cənubunda, Mersin vilayətində Tarsus adlanan qədim bir şəhər var. Bu əski yaşayış məskəni on min illik tarixə malikdir. Övliyalar və abidələr şəhəri Tarsusu gur sulu, iti axan Bərdan çayı sağ və sol sahillərinə ayırır. Şəhərin tən ortasında Bərdan şəlaləsi gecəni gündüzə qatıb çağlayır. Hər il Tarsusda Qaracaoğlan şeir axşamları keçirilir və ənənəvi surətdə poeziya şəlaləsi, klassik ozanın saz-söz şəlaləsi ilə səs-səsə verib həmahəng olur.
   
   Bu il 9-cu dəfə keçirilən Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamlarında (21-24 sentyabr) 19 ölkədən yazarlar, aşıqlar, alimlər iştirak edirdi. Tədbirə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə qatılan yeganə yazar mən idim. Ancaq Qaracaoğlanın vətəninə ölkəmizdən başqa təşrif gətirənlər də var idi: folklor tədqiqatçısı, Milli Elmlər Akademiyasının əməkdaşı Əli Şamil və gənc tədqiqatçı-aşıq Aynur Qəzənfərqızı. Az.TV-nin «Turan» proqramının əməkdaşları şeir gecələrini başdan-başa lentin yaddaşına köçürməklə böyük zəhmətə qatıldılar. Azərbaycan təmsilçiləri şeir-sənət bayramında ümumən fəallıqları ilə seçildilər və müxtəlif nominasiyalı mükafatlara layiq görüldülər.
   Bəs Qaracaoğlan kimdir, nə üçün Türkiyə bir aşığa bu qədər diqqət yetirir, önəm verir? Əvvəla, XVII əsrdə yaşayıb-yaratmış Qaracaoğlan təkcə Türkiyənin deyil, bütün türkdilli ölkələrin böyük şairidir. Heç təsadüfi deyil ki, onu Türkmənistan tərəfi özününkü, Kərkükdə yaşayanlar yerli türk, bizim folklorçular isə Gədəbəy bölgəsində doğulmuş Azərbaycan ozanı adlandırırlar. Ancaq fakt faktdır, ölməz sənətkar Tarsus yaxınlığındakı Mut elində, Çuxurova kəndində dünyaya göz açıb və bu gün Türkiyənin aşığa sahib çıxmaq ehtimalı daha böyük reallıqlara söykənir. Və Qaracaoğlanın bir xoşbəxtliyi də ondadır ki, şeirləri Azərbaycanda dildə-ağızda gəzir, haqqında dastanlar, rəvayətlər dolaşır, aşıqlarımız el şənliklərində nəğmələrini saz havaları üstə həm pəsdən, həm zildən sevə-sevə oxuyurlar.
   
   Yar gərək yarın qeydinə
   Qala yalvara-yalvara.
   Yüz naz ilə qol boynuna,
   Sala yalvara-yalvara.
   
   ...Qaracaoğlan sözündə,
   Canan xəyalı gözündə.
   Qaldım nazlı yar üzündə
   Xala yalvara-yalvara.
   
   Tarsusda tanış olduğum Kayseri Universitetinin müəllimi, məşhur folklorşünas İsmayıl Görkəmlə Qaracaoğlanın tərcümeyi-halı, yaradıcılığı barədə söhbətləşirik. Mən tədqiqatçı alimlərimizin yüzillər boyu məşhur ozana rəğbətindən, el məhəbbətindən misallar çəkir, qoşma və gəraylılarını xırdalayıram. İsmayıl bəyə başa salmaq istəyirəm ki, Qaracaoğlanın şeir dili çağdaş Azərbaycan şairlərinin obrazlı şeir dilidir. Şübhəsiz, bu poeziya Dirili Qurbanidən, Sarı Aşıqdan, «Kitabi Dədə Qorqud» və «Koroğlu» dastanlarından qaynaqlanıb. Yunis Əmrə, Cəlaləddin Rumi, Xətai, Füzuli isə ruhən Qaracaoğlana yaxındırlar. Bunu folklorçu alimimiz, filologiya elmləri doktoru, professor Qara Namazov da məqalələrində dönə-dönə qeyd edir. Fikrimi təsdiqləmək üçün yenə Qaracaoğlan poeziyasına üz tuturam və həmsöhbətim mənimlə tamamilə razılaşır.
   
   Qaracaoğlan, duz-çörəyi anırsan,
   Bal yerinə zəhər udub yanırsan.
   “Çıx get” deyib məndən gen dolanırsan,
   Niyə çağırırdın, gəl deyə-deyə?
    («Deyə-deyə»)
   
   Və yaxud «Koroğlu» dastanında qoç Koroğlunun Nigar xanıma bədahətən söylədiyi «Deyilmi?» rədifli gəraylını yada salaq. Düzdür, Qaracaoğlanın şeir kitabında gəraylı bir qədər təhrif olunub, rədiflər dolaşıq düşüb, avaz itib, məzmuna xətər dəyib. Ancaq «Koroğlu»da şeir necə vardısa, o cür də qalıb:
   
    Mənə qara deyən gözəl
    Qaşların qara deyilmi?
    Dal gərdəninə tökdüyün
    Saçların qara deyilmi?
   
   Başqa bir nümunəyə diqqət yetirək:
   
    Qaracaoğlan nələr dərmiş?
    Bu dərdi Allahımı vermiş?
    Yavaş-yavaş əridərmiş,
    Ürəkdəki dərd igidi.
    («İgidi»)
   
   Söhbətimizin məcrası genişlənir. Şair Hayrettin İvgin və mənim tanımadığım xeyli sayda alim, yazar məsələyə müdaxilə edir, məni klassik ədəbiyyatdan sorğu-suala tutur, fikirlərini bildirirlər. Söz mövlanə Məhəmməd Füzulidən düşür, mən şairin qəzəl və qəsidələrini misra-misra, beyt-beyt əzbərdən söyləyir, izahına keçirəm. Füzuli qəzəliyyatı söz-söz açılır, ortaya qoyulur, mənası aşkarlanır və xırdalanır, bu zaman Füzuli ölməzliyə qovuşur, misra-misra gözlərimizdə daha da böyüyür, ülviləşir, ilahiləşir. Heç kəs dinmir, səsini çıxartmır, elə bil Füzuli sevgisi hamını dondurur, heyrətdə qoyur. Qəfildən Hayrettin İvginin səsi eşidilir:
   - Əfəndilər, mən sizə dedim axı, “Klassik ədəbiyyatı yaxşı bilirik söyləyib, döşünüzə döyməyin, bir azəri balası bəsdi, hamınızı susdursun...”
   Əlbəttə, bu deyilənləri zarafat kimi qəbul etdik və təzədən klassik irsin izahına keçdik. Qaracaoğlan körpü oldu - Cəlaləddin Ruminin «Məsnəvi»si, dərviş Yunis Əmrənin, Dadaloğlunun, aşıq Veysəlin, Fazil Hüsnü Dağlarcanın, Nazim Hikmətin, Orxan Vəlinin şeirləri səsləndi. O gecə Tarsusda sağlam bir könül xoşluğu ilə yatdıq, çünki səhər bizi yenə səyahətlər, gəzintilər gözləyirdi.
   Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamlarının proqramı olduqca maraqlı və rəngarəng qurulmuşdu. Tarsusun bələdiyyə başqanı Burhanettin Koçamaz tədbir iştirakçılarına son dərəcə sayğılarla yanaşır, bütün məclislərə qatılmağa vaxt tapırdı. Mən sonra öyrəndim ki, başqan özü də yazardır və «Könlümdən taşanlar» adlı şeir kitabı yenicə işıq üzü görüb. Ona Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çapdan buraxdığımız «Sevgi fəsli» kitabını (İslam ölkələri şairlərinin əsərlərindən ibarət seçmələr) və «Ümidimin adına küçə» poeziya toplumumu bağışladım. Burhanettin bəy məni cavabsız qoymadı, öz kitabını avtoqrafla yazıb mənə bağışladı. TÜRKSOY-un baş katibinin yardımçısı, professor Firat Purtaş mənimlə az-çox tanışlığını dilə gətirdi və Burhanettin bəyə dedi ki, Ağacəfər Həsənli Azərbaycanın maraqlı, yaxşı şairidir. Burhanettin Koçamaz yarızarafat-yarıciddi bircə kəlmə söz işlətdi:
    - Azərbaycanda bütün şairlər yaxşıdır!
   Festivalda Türk Dünyasının hər yerindən gələnlər var idi. Məclislərdə iştirak edən altı türk dövlətinin nümayəndələrindən başqa, Balkan ölkələrindən, İraqdan, Rusiya Federasiyasından (Tatarıstan və Başqırdıstan), Ukraynadan, Moldovadan ədəbiyyat, sənət xadimləri təşrif buyurmuşdular. Başqırdıstan Milli Kitabxanasının (Ufa şəhəri) müdiri, şair Azat İbrahimov harada qərar tuturdumsa, böyrümü kəsdirirdi, türkcə yaxşı başa düşmədiyinə görə bəzi sözləri ona rus dilində başa salırdım. O, heyrətlə deyirdi:
    - Mən indiyəcən bu miqyasda festival görməmişəm. Rusiyanın və eləcə də Başqırdıstanın dünya səviyyəli yazıları çoxdur. Moskvada, Ufada ədəbiyyat, mədəniyyət bayramları çox keçirilib. Hətta on günlərlə davam edib. Ancaq sovet dönəmində hamını zorla tədbirlərə çağırır, istədin-istəmədin, zala doldurub qapıları bağlayır, sonacan heç kəsi çölə buraxmırdılar. Burada isə tam əksinədir. Festival açıq hava şəraitində keçirilir və hamı könüllü surətdə söz axşamına qatılır. Türkün söz yaddaşı həm də onun qan yaddaşıdır.
   Tarsusdakı şeir axşamları şərti olaraq iki hissəyə ayrılırdı. Aparıcının qısa təqdimatından sonra adətən söz ozanlara verilirdi. Onlar Türkiyənin əksər bölgələrini əhatə edirdilər: İstanbul, Adana, Ankara, Əskişəhər, İzmir, Dənizli, Qars, Ərzurum, Bolu, Mersin və s. Qarsdan və Ərzurumdan gələnlərin bizim doğma havaçatları ifa etmələri, Azərbaycan aşıqlarından - Tufarqanlı Abbasdan, Xəstə Qasımdan, Aşıq Alıdan, Dədə Ələsgərdən oxumaları lap yerinə düşürdü. Təbrizdən festivala qatılan aşıq Rəhim dinclik nə olduğunu bilmir, harada gəldi, telli sazı bağrına basır, zümzümə etməkdən doymurdu:
   
   Xəstə Qasım günü keçmiş qocadır,
   Gələn bəzirgandır, gedən xocadır,
   Sərv ağacı hər ağacdan ucadır.
   Əsli qıtdır, budağından bar olmaz.
   
   Məclisin ikinci hissəsi söz yarışması ilə başlanırdı. Biz ilk günün axşamında Tarsus, Mersin və Adana şairlərinin şeir xəzinəsiylə tanışlıq imkanı tapdıq. «Tarsusda hamı şeiri sevir» söhbəti tamam başqa mövzudur, ancaq camaatın, sıravi adamların əllərində Türkiyə Cümhuriyyətinin ay-ulduzlu bayrağını tutması, «türk» kəlməsi səslənən kimi ehtiram əlaməti olaraq ayağa durmaları içimi qürurla doldururdu.
   Sözsüz, bütün poeziya nümunələri eyni səviyyədə deyildi, zəifləri, bəsitləri də vardı, yaxşıları da. İkinci və üçüncü yarışmalarda daha qüdrətli söz ustalarının əsərlərini dinlədik. Nəhayət, dördüncü günün sonunda xarici ölkələrdən gəlmiş qonaqlara növbə çatdı və onlar Qaracaoğlan Şəlalə Şeir Axşamlarını tamamladılar.
   Tarsusda - cənbi Anadoluda iki çağlar şəlalə var. Birincisi Bərdan çayını təlatümə gətirən, min illər boyu axan adi su şəlaləsidir. İkinci əbədiyaşar Qaracaoğlan şeirindən qidasını alan söz-nəğmə şəlaləsidir. Hər iki şəlalə susmaq bilmir, səhər-axşam çağlayır.
   
   Ağacəfər Həsənli