Türkiyədə keçirilən V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramı elan olunub.
Əsas müsabiqədə Azərbaycanı “Salnaməfilm” studiyasının istehsalı olan rejissor Vəli Səyyadinin “Hapıtlar” filmi təmsil edir. Bu dəfə tələbə filmləri kateqoriyasında isə ölkəmizi Nərmin Həsənovanın “Cəfər ömrü”, Anar Kakayevin “Torpağa bağışlananlar” və Fahir İmamquliyevin (Fahir Səmədoğlu) “Güllələnmiş məzarlar” filmi təmsil edir.
Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşan festival “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” mövzusuna həsr olunub. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları iştirak edir.
Festival qaliblərinin adının oktyabrın 3-də açıqlanması filmlərin nümayişi və qala gecənin İstanbulda keçirilməsi nəzərdə tutulsa da, hələlik əsas müsabiqə iştirakçıları və finalçıların adı bəlli olub.