Özünün ilk səhnəsi üçün darıxan, illərin köçkünlük, didərginlik yükündən yorğun düşən sənət ocaqlarından biri də Füzuli Dövlət Dram Teatrıdır.
Şanlı Ordumuzun bizi təşnəsi olduğumuz qələbəyə, Vətən müharibəmizdəki şanlı zəfərə səslədiyi bu günlərdə əlimə bir foto keçdi. Bu foto Füzuli teatrının ilk binasının təsviri idi. Təbii ki, bir çox mədəniyyət obyektlərimiz kimi, o bina da erməni vəhşiləri tərəfindən darmadağın edilib. Buna rəğmən uzunillik tarixi yol keçən bu teatr da Səməndər quşu sayağı öz külündən yenidən yaranıb və müqavimətini davam etdirir.
Hazırda rayonun Horadiz qəsəbəsində məskunlaşan bu qocaman teatrın yaradıcı kollektivinin bir arzusu var: tezliklə rayonun digər əraziləri də işğaldan azad olunsun və onlar teatrlarının qalıqlarının yerində xalq tamaşası qursunlar...
Xatırladaq ki, Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Hələ ötən əsrin əvvəllərində xalq teatrı həvəskarlarının formalaşdırmağa başladığı bu səhnə yolu 30-cu illərdə ümumi teatrlaşma prosesində öz nəticəsini verdi. 1937-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Qarabağın bir sıra rayonlarında, eləcə də o vaxt Qaryagin adlanan Füzulidə də Dövlət Kolxoz-Sovxoz Teatrı yaradıldı. Bakıdan göndərilən baş rejissor (teatrın direktoru yerli fəal Savalan Zülfüqarov idi) Əsəd Cəfərovun bədii rəhbərliyi ilə əsasən həvəskarlardan ibarət truppa təşkil olundu.
Hər ikisinin həm də səhnədə aktyorluq etdiyi bu teatrda qısa zamanda maraqlı səhnə işləri ortaya çıxarıldı. Burada Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdullayev (həm də “Zabul xəstəsi” kimi tanınan xanəndə), Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oqtay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı (respublikanın Əməkdar artisti), Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişərək teatr səhnəsində böyük iz qoydular.
Zaman-zaman müxtəlif səhnə ocaqlarına gedən aktyorlardan fərqli olaraq teatrın yaradıcıları Ağabala Abdullayev, Mürşüd Haşımlı, Səfər İbrahimov, Alışan Abbasov sənət ocağı bağlananadək (1952) kollektivdə qalıb onun inkişafında əllərindən gələni əsirgəmədilər.
Füzuli teatrı 1938-ci il iyun ayının 18-də Mirzə İbrahimovun eyniadlı pyesi əsasında hazırlanmış “Həyat” tamaşası ilə həyata vəsiqə qazandı. Kollektiv sovet insanının həyatından bəhs edən bu dram nümunəsi ilə müxtəlif qastrollarda da oldu və özünə yetəri qədər tamaşaçı toplaya bildi. Ardınca Cəfər Cabbarlının “Almaz” əsərinə yer verən yaradıcı heyət bədii cəhətdən kamil bir səhnə həllinə nail olaraq o zamanın sənət dərgilərində özü haqqında söz açdırmışdı.
Beləcə, yaxın və uzaq (ölkədaxili) qastrollardan həvəslənən kollektiv qısa zamanda “Hacı Qara”, “Arşın mal alan”, “Namus”, “1905-ci ildə” tamaşalarını da təqdim etdi. Bu sırada Sabit Rəhmanın “Toy” komediyası da özünün uğurlu səhnə ömrünü yaşadı.
Repertuarına “Müsyö Jordan və dərviş Məstəli şah”, “Ölülər”, “Məşədi İbad”, “Aydın” kimi fərqli janrlı əsərləri də daxil edən Füzuli teatrının əsas məramı bölgə insanlarında, fərqli zövqə malik sənətsevərlərdə səhnə sənətinə maraq yaratmaq idi. Buna görə də baş rejissor və ümumən, zaman-zaman bu teatrın səhnəsində tamaşalar hazırlayan digər rejissorlar axtarışlarını səngitmir, əsasən də paytaxt teatrlarının repertuar planını yaxından izləyirdilər.
II Dünya müharibəsi illərində də özünün yaradıcı potensialını artıran, janr və mövzu müxtəlifliyinə nail olan teatrın səhnəsində “Aşıq Qərib”, “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Məşədi İbad”, “Əlli yaşında cavan” operettaları, “Sevil”, “Almaz” kimi ideoloji dramlar oynanılmış və tamaşaçıların marağına səbəb olmuşdu. Fərqli rejissor və heyətlərin ifasında N.Vəzirovun “Hacı Qənbər”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Oqtay Eloğlu”, A.Şaiqin “Vətən”, İ.Əfəndiyevin “Bahar suları” və s. əsərlərin tamaşaları da kollektivin səhnə uğurları kimi xarakterizə olunub. 1940-1953-cü illərdə ustad sənətkar, görkəmli aktyor Hüseynqulu Sarabskinin adını daşıyan bu teatrın səhnəsində məhz onun da iştirakı ilə “Leyli və Məcnun” operası dəfələrlə oynanılıb.
***
İstər repertuar siyasətində, istərsə də aktyor truppasının zənginləşdirilməsində müəyyən problemlər yaşayan və müharibədən sonrakı durğunluğun əziyyətini çəkən teatr 1953-cü ildə hökumətin qərarı ilə bağlanır. Bu, ömrünü Füzuli teatrın yaradılması və inkişafına həsr edən, məhz bu səhnədə məşhurlaşan aktyor və rejissorları ruhdan salmır, əksinə onların mübarizə əzmini daha da artırır. Ürəkləri sənət eşqi ilə döyünən aktyorlar xalq teatrı kimi sənət yolunu davam etdirirlər.
36 il sonra, 1989-cu ildə Azərbaycan SSR Nazirlər Soveti Füzuli rayonunda dövlət teatrının bərpası ilə bağlı qərar verir. Həmin il avqust 4-də Füzuli Dövlət Dram Teatrı yenidən fəaliyyətə başlayır. Əvvəllər Füzuli rayon Mədəniyyət evinin direktoru işləmiş Vaqif Vəliyev də bu sənət ocağına direktor təyin edilir. Mələksima Həsənova, Abdulla Abdullayev, İntizar Quliyeva, Məryəm Məmmədova, Asif Şirinov, Nizami Əliyev, Tofiqə Məmmədova, Hamlet İskəndərov, Fəxrəddin Salmanov, Əmiraslan Quliyev, Allahyar Əliyev, Vaqif Rəhimov, Dilarə Bəşirova, Lətifə Quliyeva və başqalarının cəlb olunduğu teatr uzunsürən fasilədən sonra tamaşaçı qarşısına Bəhram Osmanovun quruluşunda “Qapıların o üzündə qalan dünya” (S.Səxavət) tamaşası ilə çıxır. Rejissorun quruluşunda ikinci bir əsər – “Diribaş adamlar” (V.Şuşkin) da həyata vəsiqə qazanır.
Sənət yolu keşməkeşli olan bu teatrın səhnəsində sonrakı illərdə İ.Əfəndiyevin “Unuda bilmirəm”, “Bahar suları”, S.S.Axundovun “Eşq və intiqam”, S.Rəhmanın “Toy”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, A.P.Çexovun “Təklif”, N.Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz” və s. tamaşaları hazırlanıb, stasionar və səyyar göstərilib. Ta məlum işğala qədər...
2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirib. Bu on il ərzində teatrda 40-dan çox maraqlı, yaddaqalan tamaşalar hazırlanıb. Teatr dəfələrlə Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və s. rayonlarda qastrol səfərində olub, festivallarda çıxış edib. Teatrsevərlər Xalq artisti Firudin Məhərrəmovun quruluşunda C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlılar”, C.Cabbarlının “Aydın”, Xalq artisti Valeh Kərimovun quruluşunda “Niyə dirilmisən”, Şahmar Qəriblinin quruluşunda C.Məmmədquluzadənin “Kişmiş oyunu”, S.S.Axundovun “Eşq və intiqam” tamaşalarını köçkün teatrın səhnəsindən izləyiblər.
Bu gün teatr əsaslı təmirdən çıxan Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərsə də, doğma məkana qayıtmaq arzusu ilə yeni sənət axtarışlarındadır. Repertuarında 60-dan çox əsərə səhnə həyatı verilən teatr böyük qayıdışla bağlı tamaşanın hazırlanacağı günü gözləyir...
Həmidə RÜSTƏMOVA